AFFA "Sumqayıt"ın məşqçilərini cəzalandırdı

Bu gün keçirilən AFFA İntizam Komitəsinin (İK) iclasında futbolçuların qeyri-etik davranışları araşdırılıb. SportLine.az saytının məlumatına görə, İK bu üzdən bir neçə oyunçu, həmçinin məşqçini cəzalandırıb.

Region Liqasının “Şamaxı” – “Füzuli” görüşündə "Şamaxı"nın futbolçusu Ceyhun Pənahov, Gənclər Liqasının “Keşlə” – “Səbail” oyununda “Keşlə”nin üzvü Akşin Eyyubov, U-15 Liqasının BFA – “Mil-Muğan” qarşılaşmasında “Mil-Muğan”lı Nihat Həşimli hakimi təhqir etdiyinə görə 4 oyunluq cəzalandırılıb. U-17 Liqasının “Neftçi” – “Sumqayıt” qarşılaşmasında isə qonaqların baş məşqçisi Vüqar Quliyev eyni addımı atıb və 5 oyunluq diskvalifikasiyaya məruz qalıb.

U-15 Liqasının “Xilə” – “Sumqayıt” oyununda da “Sumqayıt”ın baş məşqçisi Hikmət Hüseynov hakimin üvnanına söyüş işlədib. O da həmkarı kimi, qarşıdakı 5 matçı tribunadan izləməli olacaq.

Gənclər Liqasının “Qarbağ” – “Keşlə” görüşünün sonlarında isə aqressiv davranışa görə meydandan qovulan “Qarabağ”ın futbolçusu Fərid Süleymanlı 3 oyun komandasına kömək edə bilməyəcək.