Aftandil Hacıyev: "Essyenin təcrübəsindən yararlanmağa çalışacağıq"

Topaz Premyer Liqasının 23-cü turunda “Sabah” “Səbail”i qəbul edib.

Sportline.az xəbər verir ki, rəqibinə 1:3 hesabıyla məğlub olan "Səbail"in baş məşqçisi Aftandil Hacıyev oyunundan sonra keçirilən mətbuat konfransında media nümayəndələrinin suallarını cavablandırıb.

“Sabah”ı qələbə münasibəti ilə təbrik edirəm. Qalibiyyətə layiq idilər. Futbolçularım lazım olan mübarizəni aparmadılar. Bizi vaxtından əvvəl Avropa Liqasına göndərənlər var. Məsuliyyətli olmalıyıq. Ümid edirəm ki, bu məğlubiyyətin xeyri dəyər. Bu oyun bizim üçün dərs oldu. Daha məsuliyyətli olmağa çalışacağıq”.

- Ruslan Qurbanovla Maudo Jarjuenin olmamasına səbəb nədi?
- Ruslan Qurbanov özünü piss hiss edirdi. Jarjue isə məşqdə nizam-intizamı pozduğuna görə əvəzedici heyətə göndərilib. Ancaq bu gün peşman olduğunu dedi. Onun məsələsinə sabah baxacağıq.

- Maykl Essyen əsas heyədə düşməkdə çətinlik çəkir. Bunun səbəbi nədi?
- Essyen uzun müddətdi futbolsuz qalıb. Yavaş-yavaş formasını bərpa etməyə çalışır. Nə vaxt hazır olsa, o zaman start heyətdə meydana buraxacağıq.

- Essyen oyunboyu çox göstərişlər verir. Bundan sonra oyunları onun üzərində quracaqsız?
- Yox, onun üzərində oyun qurmağı düşünmürük. Ancaq təcrübəsindən yararlanmağa çalışacağıq. Maykl bizə lazımlı futbolçudur, çox köməyi dəyəcək.