Aftandil Hacıyev: "Hesab fərqli ola bilərdi"

"Toplanış çərçivəsində ikinci oyunumuz idi. Bildiyiniz kimi, təcrübəli futbolçularımızın bir neçəsi təlim-məşq toplanışına gec qoşulublar. Ona görə hələ tam formalaşa bilməmişik. Bolqarıstan komandaları bizdən fərqli olaraq, hazırlığın son mərhələsindədirlər, bizdən daha hazırlıqlıdırlar".

Sportline.az xəbər verir ki, bu sözləri "Səbail"in baş məşqçisi Aftandil Hacıyev Bolqarıstanda təlim-məşq toplanışı çərçivəsində sözügedən ölkənin "Beroe" klubuna 0:4 hesabı ilə uduzduqları yoxlama oyunundan sonra deyib.

O, klubun saytına açıqlamasında əlavə edib: "Bu oyunda qol epizodlarımız çox oldu, hesab daha fərqli ola bilərdi. İkinci hissədə futbolçular nə qədər səy göstərsələr də, rəqibin qapısından topu keçirə bilmədilər. Lakin futbolçularımızın bəzi səhvlərindən rəqib komanda yararlandı və qalib gəldi. Çalışacağıq ki, bu oyunda etdiyimiz səhvlərdən nəticə çıxaraq”.