Aftandil Hacıyev: "Mirabdulla üçün "Neftçi"yə müraciət olunub"

Azərbaycanı Avropa Liqasında təmsil edəcək "Səbail" komandası təlim-məşq toplanışı üçün Bolqarıstana yollanacaq. 

Sportline.az xəbər verir ki, bunu Bunu "Report"a komandanın baş məşqçisi Aftandil Hacıyev bildirib. Gənc mütəxəssis iyunun 18-də hazırlıq prosesi üçün bu ölkəyə yollanmağı planlaşdırdıqlarını deyib. 

A.Hacıyev yoldaşlıq görüşlərində qarşılaşacaqları rəqiblərin, həmçinin geri dönəcəklər tarixin hələlik bəlli olmadığını söyləyib. 

Məşqçi yeni mövsüm üçün bir sıra futbolçularla danışıqlar apardıqlarını vurğulayıb: "Maraqlandığımız oyunçular var. Menecerlər tərəfindən təklif olunan əcnəbi futbolçuları nəzərdən keçiririk. Amma razılıq əldə etdiyimiz hələ ki, yoxdur. Bəzən istədiyimiz məbləğlə razılaşmırlar, ya da Azərbaycana gəlmək istəmirlər. Heç bir anlaşma olmadığı üçün ad çəkmək istəmirəm".

O əlavə edib ki, "Neftçi"nin hücumçusu Mirabdulla Abbasovun meneceri ilə danışıqlar aparıblar: "Meneceri ilə ünsiyyətdəyik. Futbolçu üçün "Neftçi"yə müraciət olunub. Mirabdullanın müqaviləsində müəyyən məbləğ qarşılığında komandadan ayrıla biləcəyi ilə bağlı bənd var. Bunun üçün hücumçu ilə maraqlanmışdıq. Klubla müqaviləsində belə bənd olmasaydı, onu əldə etməyimiz çətin olardı. Həmin məbləği də bilmirəm. Onu meneceri dəqiq bilir".

A.Hacıyev komandadan ayrılan oyunçuların daha çox əcnəbilər olduğunu vurğulayıb: "Bəziləri ilə yola davam etmək istəmədik. Şərtlərimizlə razı olmayan oyunçular da var idi. Yerli oyunçulardan isə demək olar ki, hamısı qalıb və yalnız Ruslan Qurbanovla yollarımızı ayırmışıq".

Mütəxəssis bildirib ki, moldovalı yarımmüdafiəçi Yevgeni Koçuka komandada qalması üçün şərtlərini irəli sürüblər: "Koçuk Polşa və başqa çempionatlarda özünü sınamaq istədiyini dedi. Biz isə heç bir oyunçunun qarşısını almaq barədə düşünmürük. Daha güclü çempionatlarda çıxış etmək imkanları varsa gedirlər. Emil Balayev də daha yaxşı şərtlər müqabilində Qazaxıstanın "Tobol" klubuna keçdi".

Qeyd edək ki, mövsümü bürünc medalla başa vuran "Səbail" Azərbaycanı Avropa Liqasında təmsil edəcək.