Aftandil Hacıyev: "Bunu "Qarabağ"a kömək kimi qələmə verirlər"

Azərbaycan Premyer Liqasında XIII turun "Səbail" - "Neftçi" (0:0) oyunundan sonra təşkil edilən mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Aftandil Hacıyev fikirlərini bildirdi.

Sportline.az xəbər verir ki, 38 yaşlı mütəxəssis heç-heçəni belə şərh etdi:

"Bizi çətin oyun gözlədiyini bilirdik. Heyətimizdə də itkilər vardı. Buna baxmayaraq, meydanda istədiyim "Səbail"i gördüm. İlk hissədə iki real qol imkanımız var idi. İkinci yarıda isə penaltidən yararlana bilmədik. Üç xal daha yaxşı olardı. Amma bu gün bir xal qazandığımızı düşünürəm. Çünki "Neftçi" kimi rəqibə qarşı oynadıq".

Hacıyev "Neftçi" azarkeşlərinin "Səbail"i təhqir etməsinə də toxundu: "Mənə çox təəcüblü gəlir. Futbol ictimaiyyəti mənim kimləsə sövdələşməyə getmədiyimi yaxşı bilirlər. Bizim "Neftçi"dən xal almağımızı "Qarabağ"a kömək kimi qələmə verirlər. Bəli, Qurban Qurbanovla bir yerdə oynamışıq, rəhbərliyi altında çıxış etmişəm. Kimsə nə mənim, nə də Qurbanın adına ləkə gətirə bilməz. Heç birimiz bu sözlərə layiq deyilik. Onların rəhbərləri ilə görüşəcəm. Bunu böyütmək istəmirəm. Bu aqressiyanı "Neftçi"dən görürəm. Gənc oyunçularımıza söz atırlar. Öz oyunumuzu düşünürük. Bizi nə "Qarabağ", nə də "Neftçi" maraqlandırır".

Baş məşqçi uğursuzluq zolağında olmalarını bu cür şərh etdi: "Qalatasaray" da 8 oyunda qalib gələ bilmir. Bu, böyük komandaların da başına gələ bilər. Bizim heyətimiz zəifdi. Son sırada olmağımız normal haldı. Strategiyamız var. Gənclərə güvənəcəyik. Qarşıma konkret məqsəd qoyulsaydı, bu gün istefa verib gedərdim. Sırf yerli futbolçularına uğur qazanmaq olmaz. Bu, 10-15 il əvvəl olub. İndi belə şey yoxdu. Ancaq həvəsdən düşmürük. Əvvəlki büdcə ilə indiki arasında fərq var. Güclənmək yox, daha çox heyəti qorumaq haqda düşünürük. Rəhbərlik hər şeyin yaxşı olmasına çalışır".

Gənc mütəxəssis zədəlilərin durumuna da aydınlıq gətirdi: "Elvin Yusunzadə meydana ağrılarla çıxırdı, durumu bizə narahat edirdi. Ayağında ağrılar var. Yevgeni Koçuk da əməliyyat olunmalıdı. Böyük ehtimalla, Azərbaycan Kubokunda çıxış etməyəcək".