Aftandil Hacıyev: "Qərarlar düzgün olsaydı, hesab da fərqli olardı"

"Dramatik oyun alındı. Stadiona gələn hər kəs meydandakı oyundan həzz aldı. Təəssüf ki, eyni sözləri hesab barəsində deyə bilmirəm".

Sportline.az xəbər verir ki, bunu "Səbail"in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Premyer Liqasının XXIV turunda evdə "Neftçi" ilə 2:2 hesablı heç-heçə etdikləri görüşdən sonra mətbuat konfransında deyib.

38 yaşlı mütəxəssis hakimlərin oyunun nəticəsinə təsir etdiklərini bildirib: "Heç vaxt hakimlikdən danışmamışam. Ancaq məni bu dəfə məcbur edirlər ki, deyim. Bu, ilk belə hal deyil. Hər oyunda “Səbail”ə qarşı haqsızlıq hiss edirik. Verilməyən penaltilərimiz, rəqiblərə verilməyən vərəqələr işimizi korlayır. Qərarlar düzgün olsaydı, hesab da fərqli olardı. Ədilxan Qarəhmədova görə çox sevinirəm. Bu gün gözəl qolla seçildi. Futbolçularımı təbrik etmək istəyirəm. Bu gün qələbəyə layiq komanda “Səbail” idi. “Neftçi”nin belə xala ehtiyacı yox idi.

- Bu 1 xalda baş məşqçinin payı neçə faizdir, futbolçuların payı nə qədər?
- Oyuna 5 müdafiəçi ilə başladıq. Ancaq bu gün hesaba uyğun olaraq sistemdə dəyişiklik etdik. Məğlub olmamaq üçün hər şey etdik. Düşünürəm ki, futbolçular tapşırıqların öhdəsindən layiqincə gələ bildilər. Buraxdığımız qoldan sonra daha çox hücumameylli futbolçulardan istifadə etməli olduq. Zənnimcə, əvəzetmələr və sistem dəyişikliyi effekt verdi.

- Yevgeni Koçukun yoxluğu nə ilə bağlı idi?
- İki gün öncə qızdırması qalxdı. Artıq 3 gündür məşq etmir.

- Qeyd etdiniz ki, “Neftçi”yə belə 1 xalı yaraşdırmısınız. Nəyi nəzərdə tutursunuz: qonaqlar hakimi almışdı, yoxsa başqa bir şeyi?
- Hakimlik bərbad idi. Götürək Anton Krivotsyukun əllə oynadığı epizodu. Küçədən kimisə gətirib hakim qoy və de ki, təkbətək çıxarkən əllə oynayıblar. Təbii ki, qırmızı vərəqə göstərəcək. Bir çox epizodlarda hakimlər bizə qarşı ədalətsiz qərarlar verdilər. Bax, bunu nəzərdə tutaraq deyirəm ki, “Neftçi”yə bu cür 1 xal lazım deyildi.

- Final fitindən sonra hamı meydançaya axışmışdı. Səbəb nə idi?
- Həm Antonun həmin epizoduna etiraz edirdik, həm də əlavə olunan 5 dəqiqə bitdikdən sonra final fitinin səslənməməsinə.