Ağasəlim Mircavadov: "Linfild" "Qarabağ"ı təsadüfən uddu

"Çempionatın ilk matçlarında komandaların hazırlıq səviyyəsi əsas şərtdir. Adətən üç oyundan sonra nəsə demək olur. İki tur ərzində maraqlı oyunların şahidi olduq".

Sportline.az xəbər verir ki, bu sözləri Qol.az-a açıqlamasında AFFA Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov deyib. Əməkdar məşqçi Premyer Liqamızda keçirilən ilk turdan sonra onu təəccübləndirən komanda olmadığını bilidirib:  "Neftçi"nin "Sabah"a uduzması da məni təəccübləndirmədi. Çünki "Neftçi"də eniş var. Komandada istək hiss olunmur. Son matçlarda ayrı-ayrı fərdlər deyil, bütovlükdə komanda oyunu zəifləyib. "Səbail" bəzi legionelərinin getməsinə baxmayaraq, yaxşı mübarizə aparır. "Qarabağ" isə ənənəvi qaydada yaxşı oyun sərgiləyir".

Təcrübəli mütəxəssis "Neftçi"nin futbolçusu Dabonun azarkeşləri təhqir etməsi və klub tərəfindən cəzasız qalmasının düzgün olmadığını qeyd edib: "Mən "Xəzər Lənkəran"da işləyəndə də belə hadisə olmuşdu. Ancaq oyundan dərhal sonra həmin futbolçunu cərimələdim və azarkeşlərdən üzr istəməli olduğunu dedim. O da sözümdən çıxmadı, səhəri gün azarkeşlərdən üzr istədi. "Neftçi"nin oyunçuları bilməlidirlər ki, futbol azarkeşlərə görə oynanılır. Belə hallara görə tribunalar boşdur. Avrokuboklarda 30-40 min azarkeş gəlir, ancaq yerli çempionatda 2 min olanda sevinirik. Belə olmaz. Dabo azarkeşlərdən üzr istəməlidir. Azarkeşə hörmət etmək lazımdır. Baş məşqçi Roberto Bordin Dabonu start heyətdə meydana buraxdı. Bəzən məşqçilər belə edir ki, futbolçu qol vursun və azarkeşlərlə münasibət düzəlsin. Ancaq Dabo iki qol vəziyəti yaratsa da, başqa heç nə etmədi. Ümumiyyətlə, tez-tez heyətdə hücumçu dəyişikliyi etmək düzgün deyil".

A.Mircavadov "Qarabağ"ın Avropa Liqasının pley-off mərhələsində sabah Şimali İrlandiya təmsilçisi "Linfild"lə Bakıda keçiriləcək cavab oyunu ilə bağlı fikirlərini də bildirib. O, Ağdam klubunun səfərdə 2:3 hesabı ilə uduzmasına baxmayaraq, mərhələni keçəcəyinə inandığını deyib: "Linfild" təsadüfən "Qarabağ"ı uddu. Bundan sonra 10 dəfə oynasalar, heç birində "Linfild" qalib gələ bilməz. Məndə bir arxayınlıq var. İlk görüşdə "Qarabağ"ın cəzalı futbolçuları da var idi. Ancaq digər oyunçular onları əvəzləyə bildilər. "Qarabağ" rəqibindən daha üstün oyun nümayiş etdirir. Düzdür, Britaniya klubları asan rəqib olmur, onların oyun quruluşu bizim üçün çətindir. Ancaq "Qarabağ"ın bu rəqibini keçəcəyinə inanıram".