APOEL-in baş məşqçisi: "Nə edəcəyimizi bilirəm"

"Oyunun çətin keçəcəyini bilirdik. Qol imkanlarımız çox olmadı. Oyunun sürəti zəif olduğu üçün epizodlar yarada bilmədik. İkinci hissə isə daha yaxşı alındı. Bəzən top itirsək də risk etdik".

Sportline.az Kipr mətbuatına istinadən xəbər verir ki, bu sözləri "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi APOEL-in baş məşqçisi Tomas Doll ölkə çempionatında "Nea Salamis"ə 3:0 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.

"Üç cavabsız qolla qələbə qazanmaq əla nəticədir. “Qarabağ”la ağır səfər oyunundan sonra çətin bir qalibiyyət oldu. Qələbə üçün sevinirəm, addım-addım inkişaf edəcəyik. Nə edəcəyimizi bilirəm" - deyə o bildirib.

T. Doll nə vaxt gözəl futbol oynamağa hazır olacaqları ilə bağlı sualı belə cavablandırıb: "Bilmirəm. Biz "Real" və ya "Barselona" deyilik. Bizdən həmişə 3:0 və 4:0 hesabı ilə qalib gəlməyimizi gözləməyin. Çünki, bu, asan deyil. İki aylıq fasilədə problemimiz var idi. Zədəli oyunçularımız oldu. İrəliləmək üçün bizə vaxt verin. Mən futbolçulara inanıram".