APOEL-in baş məşqçisi "Qarabağ"ın oyununu izləyəcək

"Qarabağ"ın Çempionlar Liqasının 3-cü təsnifat mərhələsindəki potensial rəqibi APOEL-in baş məşqçisi Paulo Trametsani Bakıdadır.

Sportline.az Kipr mətbuatına istinadən xəbər verir ki, bu barədə klubun mətbuat katibi Nektaris Petevinos məlumat verib. Onun sözlərinə görə, italiyalı mütəxəssis "Qarabağ" - "Dandolk" oyununu canlı izləmək üçün paytaxtımıza gəlib:

"Məşqçi komandalar arasında cavab oyununu izləmək üçün Bakıya gedib. Bu matçın nəticəsinə əsasən növbəti mərhələdəki rəqibimiz bilinəcək".

Qeyd edək ki, APOEL 3-cü təsnifat mərhələsindəki ilk oyununu avqustun 6-da evdə, cavab matçını isə 1 həftə sonra səfərdə keçirəcək. Kiprlilərin növbəti raunddakı rəqibi "Qarabağ" - "Dandolk" cütünün qalibi olacaq. Komandalar arasında Dublində keçirilən ilk görüşdə qalib müəyyənləşməyib - 1:1. Cavab qarşılaşması isə bu gün olacaq və Bakı vaxtı ilə 21:00-da start götürəcək.