APOEL-in düşərgəsində son durum

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi APOEL həftəsonu Kipr çempionatında AEK-lə keçirəcəyi derbinin hazırlıqlarına başlayıb. Sportline.az xəbər verir ki, baş məşqçi Tomas Doll həm AEK, həm də gələn həftə "Qarabağ"la keçiriləcək qarşılaşmanı komandası üçün həlledici sayır.

Ancaq Nikosiya təmsilçisi bu qarşılaşmalara heç də tam heyətlə hazırlaşmır. Çünki bir neçə futbolçu zədəli olduğundan, həkim nəzarəti altındadı. Kipr mətbuatı komandanın zədəlilərinin son durumu barədə məlumat yayıb.

Yazılanlardan belə başa düşmək olar ki, APOEL-in zədəlilərinin heç də hamısı "Qarabağ"la qarşılaşmaya yetişməyəcək.

Nikolas Yoannu - "Qarabağ"la Bakıdakı qarşılaşmada zədələnən kapitan bərpa prosesi keçməkdədi. Kipr millisinin üzvünün yaxın günlərdə məşqlərə başlaması gözlənilir.

Praxitelis Vouros - Çempionatda "Nea Salamina" ilə görüşün sonlarında zədələnərək əvəzlənən müdafiəçi sabah kollektivlə birlikdə məşqlərə qoşulacaq.

Antonio Yakoliş - Topuq nahiyəsində zədədən əziyyət çəkən və bu üzdən "Nea Salamina" səfər matçını buraxan xorvatiyalı hücumçunun durumu qeyri-müəyyəndi. Onun həm AEK, həm də "Qarabağ"la qarşılaşmada iştirakı sual altındadı.

Roman Bezyak - Famaqusta səfərinə aparılmayan rusiyalı forvardın dizində ağrıları var. Onun durumuna növbəti tibbi müayinədən sonra aydınlıq gələcək.

Alef dos Santos - "Nea Salamina" ilə oyunun ilk hissəsində zədələnərək fasilədə əvəzlənən braziliyalı yarımmüdafiəçinin durumu hələ də qeyri-müəyyəndi. Zədəsi ciddi deyil, amma xüsusi proqram üzrə hazırlıq keçəcək.

Tomas de Vinsenti - Argentinalı yarımmüdafiəçi AEK-lə qarşılaşmanı da buraxacaq. 30 yaşlı orta sahə oyunçusunun gələn həftənin ilk günündən kollektivə qoşulması gözlənilir. Ancaq "Qarabağ"la görüşə yetişməsi də çətin görünür.

Qeyd edək ki, APOEL - "Qarabağ" oyunu noyabrın 7-də Nikosiyada keçiriləcək. (matc.az)