APOEL-in sabiq baş məşqçisi Ermənistan millisinə keçməyə yaxındır

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin Kiprdəki ilk oyununda “Qarabağ”a 1:2 hesabı ilə uduzduqdan sonra APOEL-in baş məşqçi postundan istefaya göndərilmiş Paolo Trametsani Ermənistan yığmasına rəhbərlik edə bilər.

Sportline.az Kipr mətbuatına istinadən xəbər verir ki, 49 yaşlı italiyalı mütəxəssis namizədlərdən biridir. Onunla yanaşı, Aleksandr Qriqoryanın da adı hallanır.

Ermənistan yığması ötən ay Finlandiya millisinə 0:3 hesabı ilə uduzaraq, AVRO-2020-yə seçmə mərhələdən vəsiqə şansını itirib. Bundan sonra baş məşqçi Armen Gülbudaqyants istefa verib.

Qeyd edək ki, APOEL-də Paolo Trametsanini Tomas Doll əvəzləyib. Nikosiyalılar cavab görüşündə 2:0 hesabı ilə qalib gələrək, pley-offa yüksəliblər. Lakin orada Hollandiya “Ayaks”ını keçə bilməyən (0:0, 0:2) Kipr çempionu Avropa Liqasında “Qarabağ”la eyni qrupa düşüb.

Bakıda keçirilmiş III tur qarşılaşmasında 1:1 hesablı heç-heçə edən komandalar sabah Kiprdə görüşəcəklər. IV turun görüşü Bakı vaxtı ilə saat 21:55-də başlanacaq.