Araz Abdullayev: "Evdə oynayırıqsa, yalnız qələbə haqqında düşünməliyik"

"Seçmə mərhələ oyunlarından əvvəl məşqlərdə vacib olanı matç idi ki, özümüzü yoxlayaq və komanda şəklində necə oynadığımızı görək".

Sportline.az xəbər verir ki, bunu "Report"a açıqlamasında Azərbaycan millisinin futbolçusu Araz Abdullayev U-21 yığmasını 3:0 hesabı ilə məğlub etdikləri yoxlama oyunundan sonra deyib. 27 yaşlı yarımmüdafiəçi bildirib ki, 21 yaşadək futbolçulardan ibarət kollektiv yaxşı mübarizə aparıb. Abdullayev qarşılaşmanın çətin keçdiyini söyləyib: "Birinci və ikinci qolu çətinliklə penaltidən vurduq. Bizim üçün nəticə də önəmli idi ki, oyunqabağı əhval-ruhiyyə daha yaxşı olsun".

Təcrübəli oyunçu Macarıstan və Slovakiya ilə matçlardan gözləntilərini bölüşüb: "Qarşıdakı iki görüşə hazırlaşırıq. Öz meydanımızda oynayırıq və məsuliyyəti dərk edirik. Ümid edirəm ki, qarşıdakı matçlarda yaxşı nəticə əldə edəcəyik. Ən azı iki ev oyununun birində qələbə qazanmalıyıq ki, qrupda yaxşı yerə ümid edə bilək".

Abdullayev hər iki rəqibin Avropada orta səviyyəli kollektiv olduğunu deyib: "Evdə oynayırıqsa, yalnız qələbə haqqında düşünməliyik. Belə komandalara qarşı kompakt oynamalı və vuruşmalıyıq ki, sərfəli nəticə qazana bilək. Bu rəqiblərə asan baxsaq, bizim üçün çox böyük problemlər ola bilər".

Qeyd edək ki, Azərbaycan millisi iyunun 8-də Macarıstan, iyunun 11-də Slovakiya yığması ilə qarşılaşacaq. Hər iki görüş "Bakcell Arena"da keçiriləcək.