Asmir Beqoviç "Qarabağ"dan danışdı

"Axır ki, mən Bakı şəhərində yerləşdim. Son günlər çoxlu problemim vardı. Klub dəyişəndə belə olur. İlk təəssüratım necədir? Yüksək. "Qarabağ” həqiqətən bir ailə kimidir”.

Sportline.az xəbər verir ki, bu sözləri "Qarabağ”ın yeni transferi Asmir Beqoviç Bosniyanın "sportsport.ba” saytına müsahibəsində söyləyib.

Bu yaxınlarda İngiltərə Premyer Liqa təmsilçisi "Bornmut”dan icarə əsasında Ağdam klubuna keçən 32 yaşlı bosniyalı qapıçı deyib: "Bakı da çox gözəldir. Mən inanıram ki, "Qarabağ” mənim həyatımdakı ən gözəl epizodlardan biri olacaq”.

O deyib ki, "Qarabağ”a transferi sürətli alınıb: "Başqa klublar da vardı. Amma onu deyə bilərəm ki, "Qarabağ” mənim seçimimdə ən doğru olanı idi. Komanda iddiasına görə də fərqlənir. Bu transfer mənə çox yaxşı göründü. "Qarabağ” yaxşı ənənəsi olan ciddi klubdur. Onlar həmişə titullar uğrunda yarışırlar və Avropa Liqasının qrupunda çıxış edirlər. Mən özümə olan inamımı doğrultmalıyam”.

Təcrübəli qolkiper bildirib ki, klubun iddiası onun qrupda çıxış etməsindən daha vacibdir: "Qrupumuzda "Sevilya”, APOEL və "Dudelanj” da mübarizə aparır. Fikrimcə, onlarla matçda yaxşı nəticələr qazana bilərik. Amma əlbəttə, bu, asan olmayacaq. APOEL-in "Ayaks”la necə mübarizə apardığını gördük. "Düdelanj” da keyfiyyətli komandadır”.