AVRO-2020: Bakıya gələcək yığmalar üçün stadionlar təqdim olundu

UEFA 2020-ci il Avropa çempionatının keçiriləcəyi şəhərlərdəki iştirakçı milli komandalar üçün təlim-məşq bazaları və otellərin onlayn-kataloqunu təqdim edib.

SportLine.az "Report"a istinadən xəbər verir ki, kataloqda ilk dəfə Avropa çempionatına ev sahibliyi edəcək Bakıya aid bölmədə dəst formasında 3 stadion və eyni sayda otel yer alıb. “Bakcell Arena”nı seçəcək komanda “Fairmont Baku Flame Towers Hotel”də məskunlaşa bilər. “Dalğa Arena” üçün “Bilgah Beach Hotel” təqdim olunub. Tofiq Bəhramov adına Respublika stadionuna üstünlük verəcək kollektivə isə “Excelsior Hotel & Spa Baku” təklif edilib.

Qeyd ki, Avropa çempionatının 60 illiyi ilə əlaqədar olaraq, yarış ilk dəfə 12 müxtəlif ölkədə və 24 komandanın iştirakı ilə keçiriləcək. AVRO-2020-nin matçları Bakı ilə yanaşı, London (İngiltərə), Münhen (Almaniya), Sankt-Peterburq (Rusiya), Roma (İtaliya), Kopenhagen (Danimarka), Buxarest (Rumıniya), Amsterdam (Hollandiya), Dublin (İrlandiya), Bilbao (İspaniya), Budapeşt (Macarıstan) və Qlazqoda (Şotlandiya) təşkil olunacaq.

Qrup mərhələsinin 3, 1/4 final mərhələsinin isə 1 oyunu Bakı Olimpiya Stadionunda keçiriləcək. 68700 nəfərlik arenada matçlar müvafiq olaraq, 13 iyun, 17 iyun, 21 iyun və 4 iyulda olacaq.