Avropa çempionu millimizi sərt tənqid edib

“Uzun illərdir ki, Azərbaycan kimi zəif rəqib görməmişdim".

Sportline.az xəbər verir ki, bu sözləri slovakiyalı veteran futbolçu Ladislav Yurkemik ölkəsinin mətbuatına açıqlamasında deyib.

1976-cı ildə Çexoslovakiya milli komandasının heyətində Avropa çempionu olmuş 66 yaşlı keçmiş müdafiəçi Avro-2020-nin seçmə mərhələsinin son turunda millimizin Slovakiyaya uduzduğu (0:2) görüş haqda danışıb.

O, millimizin bərbad oynadığını bildirib: "Azərbaycan millisinin çıxışı sadəcə dəhşət idi. Onlar fasiləyə qədər meydanın mərkəzini keçə bilmədilər. Bu çox pis idi. Digər tərəfdən millimiz Uelsin Macarıstana qalib gəldiyini bildikdən sonra bilərəkdən tempi aşağı saldılar. Bundan sonra tribunada bəzi azarkeşlər komandanı fitə basmağa başladılar”.

Slovakiyanın rəqibləri haqda da danışan Yurkemik yığmamızın üzvlərini futbolçu yox, turist adlandırıb: "Belə oyunla Azərbaycan heç 6-cı səbətə də daxil olmamalıdır. Bizim futbolçular onların səhvindən yararlana bilmədilər. Əslində 3-4 qol vura bilərdik. Rəqib haqda onu deyə bilərəm ki, onlar futbolçu yox, turistdilər".