Avropa Liqası: "Ayntraxt"la "Çelsi"nin mətbuat konfransı
Sportline.az xəbər verir ki, Almaniyadan Avrokuboklarda mübarizəni davam etdirən yeganə klub “Ayntraxt” İngiltərənin “Çelsi” komandasını qəbul edəcək.
Qrup mərhələsində bütün oyunlarda qalib gələn Frankfurt futbolçuları yarılmfinaladək yalnız 1 oyunda məğlub olublar. Adolf Hütterin rəhbərlik etdiyi kollektiv Portuqaliyada ¼ finalın ilk görüşündə “Benfika”ya 2:4 hesabıyla uduzmuşdu. Lakin, “Ayntraxt” doğma meydanda 2 cavabsız qolla qalib gələrək, yarımfinala yüksəlib. Meydan sahiblərinin baş məşqçisi Adolf Hütter oyun hazır olduqlarını bildirib.
“Biz bu oyuna tam hazırıq. Yarımfinala çıxan komandaların hamısı güclüdür. “Çelsi”nin səviyyəsi hamıya məlumdur. Onlar bura uduzmaq üçün gəlməyiblər. Düşünürəm ki, görüş gərgin mübarizə şəraitində keçəcək. Doğma meydanda azarkeşlərimizi sevindirməliyik”.
“Çelsi” Avropa Liqasının indiki mövsümündə 12 görüşün heç birində məğlub olmayıb. Yalnız 1 oyunda heç-heçə edən “zadəganlar” qalan 11 qarşılaşmada qələbə qazanıblar. Maurisio Sarrinin komandası pley-off mərhələsində İsveçin “Malmö”, Ukraynanın “Dinamo” və Çexiyanın “Slaviya” klubunu mübarizədən kənarlaşdırıb. Sarri “Ayntarxt” ilə görüşdən sərfəli nəticə ilə ayrılmaq arzusundadır.
“Ayntraxt”a böyük hörmətim var. Onlar “İnter” kimi nəhəng komanda ilə mübarizə aparıblar. Frankfurt klubunun “Benfika” ilə oyunlarını təhlil etmişik. Çox təhlükəli və sürətli futbolçuları var. Müdafiədə diqqətli olmalıyıq. İngiltərəyə sərfəli nəticə ilə dönmək istəyirik”.
Qeyd edək ki, “Ayntraxt” – “Çelsi” görüşü Bakı vaxtı ilə saat 23-dən etibarən İdman Azərbaycan kanalında canlı yayımlanacaq.