Avropa Liqasında 1/4 final həyəcanı

Bu gecə futbolsevərlərin diqqəti Avropa Liqasının 1/4 final mərhələsinin ilk oyunlarına yönələcək.

Sportline.az xəbər verir ki, belə görüşlərdən birində azarkeşlər İspaniya duelinin şahidi olacaqlar. Bir-birini kifayət qədər yaxşı tanıyan rəqiblərin yolu Avrokuboklarda da kəsişib.

2003-2004 mövsümündə Avroliqanın sələfi olan UEFA Kubokunun yarımfinalında qarşılaşan rəqiblərin mübarizəsindən "Valensiya" qalib ayrılmışdı.

Gecənin ən böyük maraq doğuran görüşü Londonda olacaq desək yanılmarıq. "Arsenal"  - "Napoli". Afişa bu matçın hansı abu-havada keçəcəyini aydın ifadə edir. Hücumameylli futbola üstünlük verən komandaların oyunundan məhsuldar nəticə gözləyənlərin də sayı az deyil.

Baxmayaraq ki, komandalar meydana optimal heyətlə çıxmayacaqlar. "Arsenal" Rob Holdinq, Denni Uelbek və Ektor Belyerinin xidmətindən məhrumdur. Neapollulardan isə Raul Albiol və Amadu Diavara meydana çıxa bilməyəcək. 

Gecənin digər qarşılaşmasında  "Benfika" ilə "Ayntraxt" münasibətləri aydınlaşdırmağa çalışacaq. Avrokuboklarda ilk dəfə üz-üzə gələcək rəqiblərin görüşü də gərgin mübarizə vəd edir. Doğma meydanda kifayət qədər inamlı oyun sərgiləyən lissabonlular məsələyə ilk qarşılaşmada aydınlıq gətirmək niyyətindədirlər. Amma 1/4 finala gedən yolda Ukrayna "Şaxtyor"u və İtaliya "İnter"ini sıradan çıxaran Frankfurt təmsilçisi ilə oyunda bu heç də asan vəzifə sayılmır

Yarışın favoritlərindən olan “Çelsi” bu gecə "Slaviya"nın qonağıdır. Ötən mərhələdə turnirin son qalibi "Sevilya"nı üstələyən praqalılar təhlükəli rəqib imici formalaşdırmağı bacarıblar. Bu mövsüm ümumiyyətlə öz meydanında uduzmayan “Slaviya”nın “zadəganlar”a ciddi müqavimət göstərəcəyi şübhə doğurmur. Qeyd edək ki, qarşılaşmalar Bakı vaxtı ilə saat 23-də başlanacaq.  

Avropa Liqası 1/4 final, ilk oyunlar

23:00. “Arsenal” (İngiltərə) – “Napoli” (İtaliya)

23:00. “Vilyarreal” (İspaniya) – “Valensiya” (İspaniya)

23:00. “Benfika” (Portuqaliya) – “Ayntraxt” (Almaniya)

23:00. “Slaviya” (Çexiya) – “Çelsi” (İngiltərə)