Avropa Liqası: "Arsenal" və "Çelsi" Bakıya gəlir

Çempionlar Liqasının ardınca Avoliqada da finalçılar müəyyənləşir.

Sportline.az xəbər verir ki, bu gün yarımfinal mərhələsinin cavab görüşləri keçiriləcək.

Səfərdə “Ayntraxt”la 1-1 hesablı bərabərliyə nail olan “Çelsi”, doğma arenaya favorit qismində çıxacaq. Zadəganların “Stemford Bric”də göstərdikləri inamlı oyun, bugünkü görüşdə məhs onların imkanlarını yüksək qiymətləndirməyə əsas verir. Sarrinin komandası bu mövsüm Avrokuboklarda keçirdiyi 13 oyunun heç birində meydanı qolsuz tərk etməyib. 31 dəfə rəqib qapılarına yol tapan londonlular cəmi 8 dəfə meydana mərkəzdən başlamalı olublar. “Çelsi”nin 13 qarşılaşmanın 8-də qapını toxunulmaz saxlaması isə, müdafiə xəttinin etibarlılığından xəbər verir. “Zadəganlar” doğma  arenada daha inamlı təsir bağışlayırlar. Bu mövsüm “Stemford Bric”də keçirilən 6 oyunun hamısını qələbə ilə başa vuran “Çelsi”, 18 qol vurduğu halda, öz qapısından cəmi 4 top buraxıb.

“Ayntraxt” da cari Avrokubok mövsümündə 13 oyun keçirib. Bu qarşılaşmaların yalnız birində qol vura bilməyən frankfurtlular, ümumilikdə 29 dəfə rəqibi cəzalandırıblar. Buraxılan topların sayı isə 13-dür. Adi Hütterin komandası səfər oyunlarında heç də pis təsir bağışlamır. 6 qarşılaşmada vurulan 12 qol da bunu təsdiqləyir.

Rəqiblər bugünkü oyuna fərqli əhvalda hazırlaşıblar. “Çelsi” Premyer Liqadakı 3 oyunluq qələbə orucunu “Uotford”la görüşdə pozduğu halda, “Ayntraxt” Bundesliqanın son turunda “Bayer”ə 1-6 hesabı ilə uduzub. 

İngiltərənin digər təmsilçisi “Arsenal” bu gecə “Valensiya”nın qonağı olacaq. Londondakı 3-1 hesablı qələbə, topçulara arxayınlıq üçün əsas vermir. “Valensiya” bu geriliyi aradan qaldırmağa qadir komandadır. “Yarasalar”ın hazırkı forması da bundan xəbər verir. Primeronun son turunda “Uesko”nun qonağı olan “Valensiya” 6-2 hesabı ilə qələbə çalıb. Denis Çerışevlə Jofrey Kondoqbianın yoxluğu Qarsiya Toralı qayğılandırsa da baş məşqçinin meydana döyüşkən heyət çıxaracağı şübhə doğurmur.

“Arsenal” da səfərdə üstünlüyü qorumaq niyyətindədir. Gələn mövsüm Çempionlar Liqasına aparan yol yalnız Avroliqa kubokunda qələbədən keçir. Ölkə çempionatının son turunda, “Brayton”la oyunda itirilən xallar, topçuların ilk 4-yə düşmək imkanını tükədib.

 Baş məşqçi Eberi, Ektor Belerin, Denni Uelbek və Rob Holdinqin yoxluğuna rəğmən İspaniya səfərindən uğurlu nəticə ilə dönməyi hədəfləyib.

9 may
Avropa Liqası
1/2 finalın cavab oyunları


23:00. “Valensiya” (İspaniya) – “Arsenal” (İngiltərə) 2:4
Qollar:
Kevin Qameyro, 11 (1:0), Pier-Emerik Obameyanq, 17 (1:1), Aleksander Lyakazett, 50 (1:2), Kevin Qameyro, 58 (2:2), Pier-Emerik Obameyanq, 69 (2:3), 88 (2:4).
İlk oyun – 1:3

23:00. “Çelsi” (İngiltərə) – “Ayntraxt” (Almaniya) 1:1 (ƏLAVƏ VAXT - 0:0, penaltilər - 4:3)
Qollar:
Ruben Loftus-Çek, 28 (1:0), Luka Yoviç, 49 (1:1).
İlk oyun – 1:1