Ayxan Abbasov: "Ustalıq səviyyəsi öz sözünü dedi"

Topaz Premyer Liqasında 22-ci tur yekunlaşıb.

Sportline.az xəbər verir ki, "Sumqayıt" - "Qarabağ" görüşündən sonra ənənəvi mətbuat konfransı keçirilib. Meydan sahibinin baş məşqçisi Ayxan Abbasov böyük hesablı məğlubiyyətdən danışıb.

- Əlbəttə, acı məğlubiyyət aldıq. Oyuna pis də başlamamışdıq. Ancaq ustalıq səviyyəsi öz sözünü dedi. 0:3-dən sonra futbolçuları psixoloji planda kökləmək çətin idi. Əlbəttə, çempionatın elə vaxtıdır, mövqeyimiz elədir ki, günü-gündən təzyiq altındayıq. Vaxt da azdır. Artıq 5 gün sonra "Keşlə"ylə matçımız var və buna hazırlaşmalıyıq.

- Heyətə baxanda, sanki, ekperiment edirsiniz. Bütün mövsüm oynayan Vurğun Hüseynov, Rail Məlikov ehtiyatda idi, yeni müdafiə xətti formalaşdırmısınız.

- Yalnız Elvin Bədəlova şans vermişdim. Arif Daşdəmirov mütəmadi çıxış edir, Şəhriyar Əliyev zədəyə görə kənarda qalmışdı.

- Peymana hər zaman şans verirsiniz. Ancaq, o, ümidləri doğrultmur. Əvəzində "Sumqayıt-2"də 8 qol vuran gənc hücumçu İbrahim Əliyevə şans vermədiniz...

- Hərənin öz baxışı var. Mənim də baxışım fərqlidir, sizlərin də. İbrahim bizimlə məşq edir, perspektivi görürük. Ancaq Premyer Liqa ilə I dəstə arasında fərq böyükdür. Siz onu görmürsünüzsə...

- İbrahimə bu gün nəticə bəlli olandan sonra niyə şans vermədiniz?

- O, Premyer Liqada yox, I dəstədə 8 qol vurub. İbrahimin potensialını bilirik. Ancaq onu meydana buraxmamağımızın səbəbləri var. Ülvi İsgəndərlini artıq meydana buraxmışdıq. İkinci hücumçu da oyuna daxil etsəydim, orta sahədə boşluq yaranacaqdı.

- Bu məğlubiyyətdə özünüzün payı nə qədərdi?

- Əlbəttə, məğlub olmuşuqsa, məndə günah var. Bu nəticədə hərənin öz payı var. Bütün həftə işləmişik. Ancaq Zubir bütün komandanı aldadıb qol vurubsa, onda məsələyə real baxmaq lazımdı.