Ayxan Abbasov: "Yuxarı pillələri istəyiriksə..."

"Yarımfinala çıxmaq sevindiricidir. "Neftçi"ni keçmək ikiqat sevindiricidir. Uşaqlara təşəkkür edirəm. Futbolçular taktiki tapşırıqları yerinə yetirdikləri üçün sevinirəm".

Sportline.az xəbər verir ki, bunu "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Kubokunun 1/4 final mərhələsində "Neftçi" ilə evdə qolsuz heç-heçə edərək yarımfinala vəsiqə qazandıqları cavab matçından sonra söyləyib.

38 yaşlı mütəxəssis bildirib ki, növbəti raunda "Qarabağ"la qarşılaşmaq istəyirlər: "Ötən il də "Neftçi"ni kubokda keçmişdik, bu dəfə də bacardıq. "Qarabağ" və ya "Keşlə" - hansı olsa, yarımfinalda döyüşəcəyik. Rəqib kimi "Qarabağ"ı görmək istəyirəm".

Abbasov Aleksey İsayevin matçda iştirak etməməsinə də aydınlıq gətirib: "Ona mən icazə vermişəm. Komanda tək ondan asılı deyil. Toy mərasimi var, bu, hər bir şəxsin həyatında olan işdi. Bu gün onun yerinə oynayan Xəyal Nəcəfov daha yaxşı çıxış etdi. O, toy tarixini "Sumqayıt"a qayıtmazdan öncə təyin etmişdi. Həm də yüngül zədəsi vardı. Yuxarı pillələr istəyiriksə, rəhbərlik fikirləşməlidir. Qışdan sonra daha çətin olacaq".

Qeyd edək ki, "Sumqayıt" səfərdə baş tutan ilk oyunda 1:0 hesabı ilə qalib gəlib.