Azad Rəhimovdan "Kəpəz"lə bağlı açıqlama

Gənclər və İdman naziri Azad Rəhimov, 5 mart – Bədən Tərbiyəsi və İdman günü ilə bağlı Gəncədə təşkil olunmuş tədbirdə jurnalistlərlə görüşüb. 
 
Sportline.az xəbər verir ki, nazir Gəncədə tikiləcək yeni Olimpiya Kompleksində işlərin 2020-ci ildə başa çatdırılmasının planlaşdırıldığını bildirib.

A.Rəhimov Prezident İlham Əliyevin Gəncədə yeni Olimpiya Kompleksinin tikintisinə dair sərəncam imzaladığını xatırladıb. O qeyd edib ki, öncədən kompleksin nəzdində təzə stadionun tikilməsi nəzərdə tutulub. Lakin sonradan qərar qəbul olunub ki, şəhərdə stadion artıq mövcuddur və yenisinə ehtiyac yoxdur. 

Nazir "Kəpəz" klubunun Azərbaycan Premyer Liqasına qayıdış variantını da şərh edib:  "Futbol klubları adətən təkcə Azərbaycanda yox, bütün dünyada sponsor tərəfindən maliyyələşdirilirlər. Sponsor üçün də əlverişli variant seçilib. Premyer Liqada iştirak üçün tələb olunan maliyyə vəsaitinin məbləği ötən gün AFFA-nın Növbəti Hesabat Konfransında səsləndirildi. Bu vəsait ona görə lazımdır ki, futbolçular ilboyu maaş ala bilsinlər, ezamiyyət pulları verilsin. Sponsor tapılarsa, "Kəpəz" klubunun çıxışını Premyer Liqada davam etdirməsinə şad olarıq". (Report)