Azarkeşlər ÇL oyununa tankla gəldilər

Çempionlar Liqasının pley-off mərhələsinin “Srvena Zvezda” (Serbiya) – “Yanq Boys” (İsveçrə) cavab matçından əvvəl qalmaqallı hadisə yaşanıb.

Sportline.az xəbər verir ki, meydan sahibi klubunun bir qrup azarkeşi oyunun keçirildiyi stadionunun ərazisinə tank gətirib. Tankın üstü “Srvena Zvezda”nın emblemi ilə rənglənib. Bundan başqa “Şimali ordu” (Belqradlı fanatların birgə fan-qrupu) sözləri yazılıb. Hadisə yerində araşdırma aparan polis bu qənaətə gəlib ki, tank ətrafa təhlükə yaratmır. Çünki onun içində silah, hərbi sursat olmayıb.

Xorvatiya mediası isə baş verənləri təxribat adlandırıb və UEFA-dan bu qalmaqalla bağlı lazımi ölçü götürməyi tələb edib.

Qeyd edək ki, “Srvena Zvezda” iki oyunun nəticəsinə əsasən (səfərdə 2:2, evdə 1:1) qrup mərhələsinə yüksəlib.