Azarkeşlər üçün ekspress avtobuslar

Mayın 29-da UEFA Avropa Liqasının Bakı Olimpiya Stadionunda (BOS) keçiriləcək final oyunu ilə əlaqədar tamaşaçıların danışması üçün ekspress avtobuslar fəaliyyət göstərir.

Sportline.az xəbər verir ki, X1 nömrəli şatl metronun Qara Qarayev stansiyasından BOS-un şimal girişinə doğru hərəkət edir. Tamaşaçılar X2 nömrəli ekspress avtobusla metronun 28 may stansiyasından stadiona gedə bilərlər. Şatlın sonuncu dayanacağı arenanın şimal girişidir. X21 nömrəli şatlla azarkeşlər Sahil bağından metronun Koroğlu stansiyasına gedə bilərlər. X22 nömrəli şatl isə Qış parkından stadionun şimal girişinə doğru hərəkət edir.

Tamaşaçılar ən rahat ictimai nəqliyyat vasitəsi olan metrodan da istifadə edə bilərlər.

Heydər Əliyev Beynəlxalq Aeroportundan 30 dəqiqəlik ara ilə ekspress avtobuslar Koroğlu metrosuna yola düşəcək.

Qeyd edək ki, UEFA Avropa Liqasının final matçında “Arsenal” klubu “Çelsi” komandası ilə qarşılaşacaq. Oyun saat 23:00-da başlanacaq.