"Azarkeşlərimizin dəstəyini hər oyunda hiss edirik" - Dario Federiko
"Neftçi”nin yarımmüdafiəçisi Dario Frederiko Topaz Premyer Liqasının geridə qalan 7 turu ərzində rəqib qapılarından 3 top keçirib. Bunlardan biri 2-ci turda "Qəbələ” ilə oyuna təsadüf edib.
SportLine.az xəbər verir ki, braziliyalı futbolçu Qəbələ səfərindən əvvəl klubun saytına açıqlama verib: "Bizi çox çətin səfər oyunu gözləsə də, ümid edirəm, yaxşı nəticə ilə qayıdacağıq. Bunun üçün əlimizdən gələni edəcəyik”.
Mövsüm ərzində 3 qola imza atan Frederiko bu göstəricini artırmaqa çalışacağını deyib: "Təbii ki, 3 qolla kifayətlənmək fikrində deyiləm. Çalışacam bu göstəricini yaxşılaşdırım. İnanıram ki, ikinci dövrədə qollarımın sayını artırmaqla, komandaya daha böyük fayda verəcəm”.
Sabahkı oyunda Baqali Dabonun iştirak etməyəcəyi ehtimalını dəyərləndirən Dario bunları bildirib: "Baqali komandamızın ən faydalı, ən vacib futbolçularından biridir, həm də bombardiridir. Əgər Dabo meydana çıxmasa, bizim üçün itki olacaq, amma komandada onu əvəzləyə biləcək futbolçular var”.
Braziliyalının fikrincə, Topaz Premyer Liqasında başa çatmaqda olan fasilə komandaya mənfi təsir göstərməyəcək: "İnanmıram ki, beynəlxalq oyunlarla bağlı yaranmış fasilə komandamıza mənfi təsir etsin. Biz bu fasilə ərzində çalışmışıq, öz üzərimizdə işləmişik. Əksinə, yaxşı təsir göstərə bilər. Xatırlayırsızsa, sentyabrda yaranmış fasilədən sonra ardıcıl 4 qələbə qazanmışdıq. Ümid edirəm ki, bu seriyanın davamını gətirə biləcəyik”.
Komandada özünü xoşbəxt hiss etdiyini dilə gətirən Dario azarkeşlərimizə də mesaj göndərib: "Artıq bu komandaya tam uyğunlaşmışam. Rəhbərlik, məşqçi heyəti, komanda yoldaşlarımla əla münasibətlərim var. Tez uyğunlaşmağımda onların rolu böyükdür. Amma bunda azarkeşlərin xüsusi payı var. Fanatlarımız mənə və komandaya həmişə dəstək olur. Biz bunu istər ev, istər səfər – hər oyunda hiss edirik”.