Azərbaycan çempionatında şübhəli oyun aşkarlandı

Region Liqasında “Füzuli” və “FC Baku” komandaları arasında keçirilmiş oyunun nəticəsinin manipulyasiyası şübhəsi ilə AFFA-ya məlumat daxil olub. 

Sportline.az xəbər verir ki, bu barədə milli assosiasiyanın rəsmi açıqlamasında bildirilir.  Aprelin 6-da keçirilmiş qarşılaşma "FC Baku"nun qələbəsi ilə yekunlaşıb - 1:0. Paytaxtdakı matçda 1:1 hesablı heç-heçə qeydə alındığı üçün iki oyunun yekununda "Füzuli" mübarizəni dayandırıb. 

AFFA Region Liqasının İşçi Qrupu daxil olmuş məlumatı araşdırmaq üçün "FC Baku"nun Qusar "Şahdağ"ı ilə aprelin 22-də nəzərdə tutulan yarımfinal görüşünü qeyri-müəyyən müddətə təxirə salıb. 

Qeyd edək ki, digər yarımfinal matçı "Uğur" (Sumqayıt) və "Araz Naxçıvan" komandaları arasında keçiriləcək.