Azərbaycan çempionatında əlamətdar oyun

Futbol üzrə Azərbaycan Premyer Liqasında mövsümün 100-cü oyunu keçirilib.

Sportline.az xəbər verir ki, yubiley qarşılaşması XXV turun "Sabah" - "Neftçi" matçına təsadüf edib. Çempionatın ən gənc komandası ilə dueldə ən qocaman klub qalib gəlib - 2:0.

Bu, Premyer Liqada tərəflərdən birinin qazandığı 76-cı qələbə olub. 24 görüşdə isə heç-heçə qeydə alınıb. Ən çox - 17 qalibiyyət "Qarabağ"a məxsusdur. Son 3 pillədə qərarlaşmış "Zirə" (6), "Sumqayıt" (5) və "Keşlə" (5) komandaları cəm halda bu göstəricidə Ağdam təmsilçisindən geridə, ikinci yerdə gedən "Neftçi" (16) ilə isə bərabərdir. Qələbə sayında sonrakı yerlərdə "Səbail" (11), "Qəbələ" (9) və "Sabah" (7) qərarlaşıb. Qalibiyyətlərdən 2-si oyunla yox, texniki nəticə ilə əldə olunub: İlk dövrədə "Zirə", II dövrədə "Qarabağ"la görüşlərdə limit pozulduğu üçün "Səbail"ə 3:0 hesablı qələbə verilib.

Qalibiyyətlərdən 39-u meydan sahibi olan komandanın, 37-si qonaqların aktivinə yazılıb. Bura "Səbail"in "Zirə" ilə ev, "Qarabağ" ilə isə səfərdə əldə etdiyi texniki qələbələr də daxildir.

Texniki nəticələrlə birgə 100 oyunda cəmi 245 qol qeydə alınıb ki, bu da hər matça 2,45 qol deməkdir. Qollardan 100-nü "Qarabağ" (55) və "Neftçi" (45) vurubsa, "Sumqayıt" və "Keşlə" bərabər sayda (hərəyə 40) top buraxıb. Ümumilikdə texniki nəticələr də nəzərə alınmaqla, meydan sahibi olan komandalar 124, qonaqlar 121 qol vurub.

Qeyd edək ki, Premyer Liqaya son 3 turun daha 12 oyunundan sonra yekun vurulacaq.