Azərbaycan Çempionatının başlama tarixi və reqlamenti müəyyənləşib

Basketbol üzrə XXXI Azərbaycan çempionatının başlama tarixi və reqlamenti müəyyənləşib.

Bu barədə Sportline.az-a Azərbaycan Basketbol Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Azərbaycan Basketbol Liqasında (ABL) 2025/2026 mövsümünə sentyabrın 28-də start veriləcək.

Reqlamentə əsasən, çempionatın oyunları dörd dövrəli, 20 turdan ibarət sistem üzrə keçiriləcək. Müntəzəm mövsümün oyunları A və B qruplarında baş tutacaq. Ötən mövsümdə göstərdikləri yekun nəticələrə əsasən, klubların mübarizə aparacaqları qruplar bəlli olub.

A qrupu: "Sabah", "Neftçi" İK, "Şəki", "Abşeron Lions", NTD, "Gəncə"

B qrupu: "Naxçıvan", "Ordu" İK, "Sərhədçi" PİK, "Sumqayıt", "Quba", "Lənkəran"

Müntəzəm çempionatın A qrupunun oyunlarında meydançada 4 əcnəbi və mütləq şəkildə 1 yerli basketbolçunun iştirak etməsi əsas şərt olacaq. B qrupunun oyunlarında isə XV tur daxil olmaqla 3 əcnəbi və 2 yerli basketbolçu, XVI turdan etibarən isə 4 əcnəbi və 1 yerli basketbolçunun parketdə olması mütləqdir.

Müntəzəm mövsümdə A qrupunu ilk 3 sırada tamamlamış klublarla yanaşı, B qrupunu lider bitirmiş komanda pley-offun 1/4 final mərhələsinə vəsiqə qazanacaq. A və B qruplarında digər yerləri tutmuş komandalar isə pley-offun 1/8 final mərhələsində üz-üzə gələcəklər. 1/8 finalda ən tez iki qələbə qazanmış klublar 1/4 finala vəsiqə əldə edəcəklər. Həm 1/4 final, həm də yarımfinal seriyaları 2 qələbəyə qədər davam edəcək. Final seriyasında isə ən tez 3 qələbə qazanmış klub Azərbaycan Basketbol Liqasının (ABL) çempionu olacaq.

Qeyd edək ki, çempionatın yekun nəticələrinə əsasən, mövsümü ilk "8-lik"də tamamlamış klublar növbəti mövsümdən 1-ci liqada (ABL), 9–12-ci yerləri tutmuş klublar isə ölkə basketbolunda ilk dəfə olaraq təşkil olunacaq ikinci liqada (ABL 2) mübarizə aparacaqlar.