Azərbaycan hakimlərinin növbəti təyinatları
Kişi və qadın hakimlərimiz beynəlxalq oyunlara təyinat alıblar. SportLine.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, 17 yaşadək oğlanlardan və qızlardan ibarət yığma komandalar arasında Avropa çempionatının elit-raund mərhələsinin, eyni zamanda 19 yaşadək futzalçıların qitə birinciliyinin əsas mərhələsinin görüşlərində referilərimiz ədaləti qoruyacaqlar.
Yuliya Qurbanova və Gülyana Özcan qızların elit-raund mərhələsi çərçivəsində martın 21-dən 27-dək İngiltərə, Gürcüstan, Yunanıstan və Macarıstanın yer aldığı 1-ci qrupun oyunlarını idarə edəcəklər.
Rəhim Həsənovla Mübariz Haşımov 17 yaşadək oğlanların yarışında Belçika, Norveç, Bosniya və Herseqovina, Macarıstanın qərarlaşdığı 7-ci qrup matçlarına təyinat alıblar. Bu qrupun qarşılaşmaları 26 mart - 1 parel tarixlərində baş tutacaq. Rauf Cabarov və Akif Əmirəli isə martın 20-dən 26-dək keçiriləcək 2-ci qrupun (İsrail, Çexiya, Hollandiya, Şimali İrlandiya) oyunlarında fit çalacaq.
Futzal üzrə FİFA referisi Hikmət Qafarlı isə Portuqaliya, Moldova, Bosniya və Herseqovina, Serbiyanın yer aldığı 3-cü qrupa təyinat alıb. O, martın 26-dan 31-dək Bosniya və Herseqovinada olacaq.