Azərbaycan klublarının transfer xərcləri açıqlandı

Azərbaycanın futbol klubları 2018-ci ildə transferlərə 2,1 milyon dollar xərcləyib.

SportLine.az “Report”a istinadən xəbər verir ki, bu barədə FIFA-nın hesabatında bildirilir.

Azərbaycan bu göstərici ilə dünyada 47-ci yerdədir. Siyahıya 1 milyard 981,3 milyon (ötən illə müqayisədə 20,5% artım) dollarla İngiltərə başçılıq edir. İspaniya 1 milyard 352.5 milyonla (85,2% artım) ikinci, İtaliya isə 848.9 milyon (29.8% artım) dollarla üçüncü pillədə qərarlaşıb.

Azərbaycan klublarının transfer gəlirləri isə 1.4 milyon dollar təşkil edib. Ölkə bu göstəricidə 73-cü sıradadır . Gəlirə görə isə ilk sırada 936.3 milyon dollarla Fransa (45.4% artım), ikinci yerdə 935.2 milyon dollarla İngiltərə (42.7% artım), üçüncü yerdə isə 908 milyon dollar (8% artım) ilə İspaniya qərarlaşıb.

Qeyd edək ki, ötən illə müqayisədə Azərbaycan təmsilçilərinin ümumi transfer xərcləri 61,6 faiz azalıb, gəlirləri isə 95.7 faiz artıb.