Azərbaycan klubunun futbolçularına danışılmış oyunlara görə cəza

Birinci Divizionda yarışan "Ağsu"nun futbolçuları Elçin Həşimov və Ruslan Mirzaliyev danışılmış oyunlarda iştirak etdiyi üçün futboldan kənarlaşdırılıb.

 Sportline.az xəbər verir ki, bu haqda AFFA qərar çıxarıb. Oyun-alqı satqısında ittiham olunan hər iki futbolçuya görə hüquq-mühafizə orqanlarına da müraciə olunacaq.

AFFA-nın sözügedən futbolçularla bağlı çıxardığı qərar isə belədi: "Birinci divizionda çıxış edən "Ağsu” Futbol Klubunun bir neçə oyununda qeydə alınmış şübhəli məqamlarla əlaqədar AFFA-nın nəzdində fəaliyyət göstərən danışılmış oyunlarla bağlı xüsusi komissiyanın və ekspertlərin apardığı araşdırmaya, həmçinin UEFA-dan AFFA-ya daxil olan məlumatlara əsasən, klubun futbolçuları Elçin Həşimov və Ruslan Mirzaliyevin nəticəsi manipulyasiya olunmuş oyunlarda iştirakı müəyyən olunub. Komissiyanın və ekspertlərin rəyi, UEFA-nın məlumat və hesabatları nəzərə alınaraq hər iki şəxsin araşdırma başa çatana qədər futbolla bağlı bütün növ fəaliyyətlərinə qadağa qoyulur.

Qeyd: AFFA məsələ ilə əlaqədar müvafiq qaydada hüquq-mühafizə orqanlarına müraciət edəcək".