Azərbaycanda maraqlı yarış start götürəcək
Baketbol idman aləminin ən maraqlı oyunlarından biri sayılır. Təsadüfi deyil ki, Vətəni Amerika Birləşmiş Ştatları olan “səbət topu” qısa zamanda Amerikadan digər qitələrə atılaraq, dünyanın ən populyar idman növlərindən birinə çevrilib. Azərbaycanda da basketbola maraq az deyil. 1936-cı ildən Olimpiya oyunlarının proqramına daxil edilən bu idman növü üzrə ölkə çempionatı və kuboku yarışları keçirilir, təmsilçilərimiz Avrokuboklarda mübarizə aparırlar. Üçə-üç basketbol üzrə komandalarımız isə beynəlxalq arenalarda kifayət qədər yüksək nəticələrə imza atıblar.
Basketbol həvəskar səviyyədə də sevimli növlərdən biridir. Müxtəlif peşə sahibləri asudə vaxtlarını səmərəli təşkil etmək üçün basketbol meydançalarına üz tuturlar.
Sportline.az xəbər verir ki, yaxın vaxtlarda bu idman üzrə maraqlı bir yarışı da izləmək imkanımız olacaq. Söhbət Azərbaycan Media Liqasından gedir. Məşhur blogerlər, idmançılar, incəsənət nümayəndələri, media mənsubları və digər sahələrdən tanınmış simaları bir araya gətirəcək yarış böyük maraqla gözlənilir. Startı fevral ayına planlaşdırılan Media Liqa iştirakçıları bugünlər məşq proseslərində hazırlıq səviyyəsini yüksəltməkdədirlər.
Qeyd edək ki, Bakı İdman Sarayında keçiriləcək yarışda 20-dən artıq komandanın iştirakı gözlənilir.