Bakı finalı ilə bağlı daha bir görüş

UEFA Avropa Liqasının final oyununun Bakıda keçirilməsi ilə əlaqədar yaradılmış Əməliyyat Qrupu tədbirə hazırlıq məqsədilə dekabrın 20-də Azərbaycan Universitetinin tələbə və müəllim heyəti ilə görüş keçirib. 

SportLine.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, 150-dək tələbənin iştirak etdiyi görüşdə Avropa Liqası ilə bağlı keçirilməsi planlaşdırılan tədbirlər haqda təqdimat nümayiş olunub. Daha sonra tədbirin təşkilati və UEFA ilə əlaqələndirmə işlərindən məsuliyyətli olan AFFA ilk dəfə olaraq özünün könüllülük proqramını təqdim edib. Proqram çərçivəsində təşkilati məsələlərlə bağlı təlimlərin, təhsil-əyləncə kurslarının, xüsusi master-klaslar və s. tədbirlərin keçirilməsi planlaşdırılır. Bu proqrama qoşularaq öz şəxsi keyfiyyət və bacarıqlarını inkişaf etdirmək, yeni beynəlxalq dostlar əldə etmək və futbol dünyasının bir hissəsi olmaq istəyən hər kəs www.finalbaku2019.az/volunteer linkinə keçid edərək qeydiyyat formasını doldura bilər. Qeydiyyatdan keçmiş hər kəs 2019-cu ilin fevralında müsahibəyə dəvət ediləcək.

Müsabiqədən keçən könüllülər üçün təlimlər 1 aprel – 18 mayda olacaq və əsasən 3 fərqli sahəni əhatə edəcək: Ümumi Təlim (Oyunlar və müştəri xidmətləri barədə məlumatlar), Rol təlimi (vəzifə barədə təlim) və Məkan təlimi (könüllünün fəaliyyət göstərəcəyi obyekt barədə təlim) olacaq.

Qeyd edək ki, Avropa Liqasının final  oyunu 2019-cu il mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.