Der Klassiko: “Borussiya” qaçır, “Bavariya” qovur

İspaniyada “Real Madrid”-“Barselona”, Argentinada “Boka Xuniyors”-“River Pleyt”, Türkiyədə “Fənərbağça”-“Qalatasaray” derbiləri bu ölkələrdə əsas futbol oyunları hesab edildiyi kimi “Bavariya”-“Borussiya Dortmund” matçı da Almaniyanın ən böyük futbol qarşılaşması hesab olunur. “Bavariya” və “Borussiya Dortmund” oyunları zamanı hətta digər klub azarkeşlərinin də diqqəti bura yönəlir. Bəli, bu gün məhz həmin gündür. Almaniya Bundesliqasının 11-ci turu çərçivəsində baş tutacaq “Bavariya”-“Borussiya Dortmund” matçı turnir cədvəlində liderliyə yüksəlmək istəyən hər iki klub üçün böyük əhəmiyyət kəsb edir.

Ümumilikdə, Münhen və Dortmund təmsilçiləri arasında baş tutan görüşlər daim öz prinsipiallığı ilə yadda qalıb. “Bavariya”nın üstünlüyü bu günə kimi “Bavariya” və “Borussiya Dortmund” klubları arasında 124 rəsmi oyun baş tutub. Bunların 58-də “Bavariya”, 33-də isə “Borussiya Dortmund” qələbəyə sevinən tərəf olub. 33 qarşılaşma isə bərabərliklə yekunlaşıb. Bu günə kimi Der Klassikolarda 384 top vurulub ki, bunun 234-ü “Bavariya”nın payına düşür. Dortmundlular isə 150 dəfə rəqibini məyus edib. İlk və son oyunlar İki klub arasındakı ilk rəsmi qarşılaşma 1965-ci ilin 16 oktyabrına təsadüf edir. Almaniya çempionatının güclülər dəstəsində baş tutan həmin matçda Dortmund “Borusiyya”sı “Bavariya”nı səfərdə 0-2 hesabı ilə məğlub edib.

Sonuncu oyun isə bu ilin yayına təsadüf edib. 2019-cu il avqustun 3-də Almaniya Super Kubokunun final matçında “Borussiya” yenə qalib gələn tərəf olub. Arılar Münhen təmsilçisini 2-0 hesabı ilə məğlub edib. Bundesliqada son 10 oyun Almaniya Bundesliqası çərçivəsində baş tutan son 10 Der Klassikoya nəzər yetirsək, “Bavariya”nın aşkar üstünlüyünü görərik. Belə ki, qırmızılar sözügedən oyunların 7-dən qalib ayrılıblar. 2 görüşdə isə Dortmund təmsilçisi sevinən tərəf olub. 1 qarşılaşma bərabərliklə yekunlaşıb: 1. “Bavariya” 5-0 “Borusiya Dortmund” (2018-2019) 2. “Borusiya Dortmund” 3-2 “Bavariya” (2018-2019) 3. “Bavariya” 6-0 “Borusiya Dortmund” (2017-2018) 4. “Borusiya Dortmund” 1-3 “Bavariya” (2017-2018) 5. “Bavariya” 4-1 “Borusiya Dortmund” (2016-2017) 6. “Borusiya Dortmund” 1-0 “Bavariya” (2016-2017) 7. “Borusiya Dortmund” 0-0 “Bavariya” (2015-2016) 8. “Bavariya” 5-1 “Borusiya Dortmund” (2015-2016) 9. “Bavariya” 2-1 “Borusiya Dortmund” (2014-2015) 10. “Borusiya Dortmund” 0-1 “Bavariya” (2014-2015).

Ən böyük hesablı qələbələr “Bavariya”nın rəqibinə qarşı ən böyük hesablı qələbəsi 27 noyabr 1971-ci ilə təsadüf edir. Həmin görüşdə Münhenlilər Dortmund “Borussiyası”nı 11-1 hesabı ilə məğlub edib. “Borussiya Dortmund” isə “Bavariya”nı 5 mart 1967-ci ildə 4-0 hesabı ilə məğlub edib. Sözügedən matç “Borussiya Dortmund”un “Bavariya” üzərində ən böyük hesablı qələbəsi hesab olunur. 1 xallıq fərq... Cari mövsüm “Bavariya” və “Borussiya Dortmund” çempionata o qədər də yaxşı start verməsə də, sonrakı turlarda ardıcıl qələbələr həm münhenliləri, həm də dortmundluları turnir cədvəlinin yuxarı pillələrinə qaldırdı. Hazırda 10 turdan sonra “Borussiya Dortmund” 19 xalla 3-cü, “Bavariya” isə 18 xalla 5-ci pillədə lövbər salıb.

“Bavariya”nın heyətində ən sərrast futbolçu 14 topla polyak Robert Levandovskidir. “Borussiya”da isə Marko Roys və Pako Alkaser hərəyə 5 dəfə fərqlənməklə komandalarının ən yaxşılarıdır. Maraqlı faktlar Alman derbisində ən çox oyuna çıxan oyunçu “Borussiya Dortmund”un sabiq üzvü Mikayl Zorcdur. Alman futbolçu sözgedən rəqabətdə 28 oyuna çıxıb. “Bavariya”-“Borussiya Dortmund” matçlarında ən çox fərqlənən futbolçu Robert Levandovskidir. Hər iki klubun şərəfini qorumuş polyak hücumçu bu görüşlərdə 20 dəfə fərqlənib. Xatırladaq ki, Alyans Arenada baş tutacaq “Bavariya”-“Borussiya Dortmund” matçı bu gün Bakı vaxtı ilə 21:30-da başlaтacaq. Görüşü Feliks Zvayerin başçılıq etdiyi hakimlər briqadası idarə edəcək.

Həmidağa Məcidov