Bəhlul Mustafazadə: "Hakimin səhvə yol verdiyini bilirdim"
Millimizin Avro-2020-nin seçmə mərhələsində Macarıstana 0:1 hesabı ilə uduzduğu görüşdə vurduğu təmiz qolu sayılmayan Bəhlul Mustafazadənin müsahibəsi.
- Matçı necə dəyərləndirirsiniz?
- Oyun gözlədiyimiz kimi çətin keçdi. Rəqibin təzyiq edəcəyini bilirdik. Çünki onlara da xal lazım idi. Qrupdan çıxmağa namizəd komanda kimi mütləq qələbə qazanamlıydılar. Biz də vuruşduq, əlimizdən gələni etdik. Nəticə belə alındı.
- Qarşılaşmanın 90+4-cü dəqiqəsində sayılmayan qolunuz barədə nə deyə bilərsiniz?
- Həmin epizodda top əlimə dəyməmişdi. Qol ləğv ediləndə, elə bildim ofsayddır. Ancaq sonra gördüm ki, əl ilə oyun qeydə alıb. Baş hakimin səhvə yol verdiyini bilirdim. Amma əlimizdən bir şey gəlmirdi. Referi artıq qərarını vermişdi. Toparlanmaq lazım idi. Top 100 faiz əlimə dəyməmişdi. Qol sayılmadığı üçün təəssüf edirəm. Heç-heçə ola bilərdi.
- Gənc futbolçu kimi qolun sayılmaması psixoloji cəhətdən mənfi təsir edə bilər?
- Xeyr. Bunlara öyrəşməliyik. Futboldur, belə şeylər olur. Edə biləcəyimiz bir şey yoxdur. Gələn oyunlarda müsbət nəticə qazanmaq lazımdır.
- Əsas milliyə yeni cəlb edilsəniz də, son matçlarda komandada uzun müddət olan biri kimi çıxış edirsiniz. Bunun sirri nədədir?
- U-15-dən bəri bütün milli komandalarda oynamışam. Ona görə də qeyri-adi, ciddi bir şey olduğunu düşünmürəm. Davamlı beynəlxalq matçlarda iştirak etdiyim üçün çətinlik hiss etmirəm.