"Belə hesabların komandaya faydası olur" - Qurban Qurbanov

"Vacib qələbədir. Bəzən belə oyunlarda çox bəsit qollar buraxırsan. Lakin 5 qol vurub, 3 xal qazanmaq hamı üçün vacib idi. Rəqibə də uğurlar arzulayıram".

SportLine.az "Report"a istinadən xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının XIII turunda "Keşlə"ni 5:1hesabı ilə məğlub etdikləri oyunu şərh edərkın söyləyib.

46 yaşlı mütəxəssis daha sonra sualları cavablandırıb:

- İkinci hissədə qolların arda-arda gəlməsi nə ilə bağlıdır?

- İlk hissəyə də aqressiv başlamışdıq, qol imkanlarımız oldu. Fasilədən sonra alındı. Komandaya belə hesabların faydası olur.

- Bu gün "Sportinq"ə 1:6 hesablı məğlubiyyətin əvəzini çıxmağa çalışdınız?

- Belə düşünmürəm. Avrokubok və çempionat oyunlarına fərqi yanaşmışam. Belə bir fikir ümumiyyətlə yox idi. Həqiqətən bizim üçün çox ağır məğlubiyyətdir və hələ də yaddan çıxmayıb.

- "Sportinq"ə 1:6 uduzub, "Keşlə"yə 5:1 hesabı ilə qalib gəldiniz. Bu, Avropa ilə Azərbaycan arasında uçurum deməkdir?

- Uçurum deməzdim, fərq böyükdür. "Sportinq" təcrübəsi olan, Avroliqada nəticə göstərən komandadır. Portuqaliya çempionatı da bizdən üstündür, bunu qəbul etməliyik.

- "Keşlə" ilə oyunun bir gün irəli çəkilmsəsi sırf AVRO-2020-nin püşkatmasında iştirakınızla bağlıdır?

- Sırf püşkatma ilə bağlı idi. Zaur Axundova zəng vurdum ki, Tərlan Əhmədovla məsləhətləşin, bir gün irəli çəkək. Sağ olsunlar, pozitiv yanaşdılar.

- AVRO-2020-nin püşkatmasında AFFA rəhbərliyi də təmsil olunurdu. Federasiya prezidenti ilə görüşüb, son oyunlardan danışdınız?

- Püşkatmadan əvvəl görüşdük, problemlərdən danışdıq. Zatən, futboldan danışmalıyıq, başqa mövzumuz yoxdur.

- AVRO-2020-nin seçmə mərhələsində hədəf neçə xal olacaq?

- Bizə hər nə qədər tanış ölkələr olsalar da, onlarla daha yaxından maraqlanmalıyıq. Sabit nəticə üçün öz oyununu yaxşılaşdırmalısan. Hər bir oyuna maksimum nəticə üçün çıxmağa çalışmalıyıq.