"Belə meydanlarda kiçik zədələrdən narahat olmuşam" - Qurban Qurbanov
"Çətin oyunun olacağını hiss edirdik. Yorğunluq hiss olunurdu. Nəticə və oyundan razı qaldıq. Bu komanda kubok oyunlarında çox fərqli oyun sərgiləyir. Çempionat və kubok oyunları fərqlidir. Cavab görüşlərində daha diqqətli olmalı, daha çox mübarizə aparmalıyıq. Matça tam hazır olmağa çalışacağıq".
SportLine.az Sportnet.az saytına istinadən xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov evdə "Keşlə"yə 1:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Kubokunun ilk 1/4 final matçından sonra mətbuat konfransında deyib. 46 yaşlı mütəxəssis jurnalistlərin suallarını da cavablandırıb...
- "Keşlə"nin 4 müdafiçi ilə oynaması nə dərəcədə gözlənilməz oldu?
- Bu gün belə oynayacaqlarını gözləyirdim. Əvvəlki qarşılaşmanı da belə taktika ilə keçirmişdi. Açığı, biz 5-li müdafiəyə hazırlaşmışdıq.
- Cavab görüşü süni örtüklü meydanda keçiriləcək. Bu, sizə problem yarada bilər?
- Orada oynamaq həqiqətən də ağır olub. Belə meydanlarda kiçik zədələrdən narahat olmuşam. Amma hazırda nəsə düşünməyə vaxtımız yoxdur. Futbolçular, əksinə, bu çətinliyi göz önünə gətirib maksimum hazırlıq keçməlidirlər.
- Sanki futbolçular çamadan əhval-ruhiyyəsindədirlər...
- Bəlkə də. Ola bilər. Amma mən düşünməzdim. İlk dövrədə bu komanda ilə bərabərə qalmışdıq. Digər oyunların çətin olacağını deməzdim. Hər bir komanda nəticə verməyə çalışır.