"Benfika" bu qələbə ilə vahid lider oldu

Portuqaliya çempionatının liderlik yarışında “Benfika” üstünlük əldə edib.

Sportline.az xəbər verir ki, UEFA Avropa Liqasının təsnifat mərhələsinə vəsiqəni təmin edən “Braqa” doğma meydanda “Benfika” ilə qarşılaşıb. Oyuna daha fəal başlayan meydan sahibləri ilk hissədə hesabı açıblar. 35-ci dəqiqədə Vilson Eduardo penaltini dəqiq yerinə yetirib.

Fasiləyə üstün yollanan “Braqa” ikinci hissədə 4 dəfə mərkəzə dəvət olunub. 59-cu dəqiqədə 11 metrlik nöqtəyə yaxınlaşan Pitsi tarazlığı bərpa edib. 1-1. Cəmi 7 dəqiqə sonra “Benfika” hesabda önə keçib. Pitsi özünün və komandasının 2-ci qolunu vurub. Çox keçmədən qonaqlar yerli azarkeşləri yenidən məyus ediblər. Bu dəfə Ruben Dias topu rəqib qapısından keçirib. 3:1.

90-cı dəqiqədə isə Rafa Silva sonuncu qolun müəllifi olub. 4:1 hesabıyla qalib gələn “Benfika” 78 xalla vahid lider olub. Onun ən yaxın izlyicisi “Portu”nun hesabında isə 76 xal var. “Braqa” isə 64 xalla 4-cüdür. Qeyd edək ki, çempionatın bitməyinə 3 tur qalıb.