Beqoviç "Qarabağ" seçimini belə əsaslandırıb

“Hər şey tez başa verdi. Seçim etmək üçün o qədər də çox vaxtım yox idi. Azərbaycanı və "Qarabağ"ı yaxşı tanıyan insanlarla danışdım".

Sportline.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın yeni transferi Asmir Beqoviç "Qarabağ"a keçidi haqda danışarkən deyib.

Bosniyalı qapıçı ölkəsinin mətbuatına müsahibəsində “niyə məhz “Qarabağ”da oynamağı seçdin?” sualını belə cavablandırıb: “Meydana çıxmaq istəyirəm. Bu baxımdan “Qarabağ” mənimçün ən yaxşı seçim idi. Bu komanda ənənələrinə sadiq, yerli çempionatda daim mübarizə aparan klubdur. Həmçinin, onlar beynəlxalq arenada da özlərini yaxşı tərəfdən göstərirlər. Bu mövsüm Avropa Liqasının qrup mərhələsində oynayacaqlar, seçimimin başqa bir səbəbi də budur. Yanvara qədər mən vacib matçlarda meydana çıxacam və bu xeyrimə olacaq.

"Qarabağ" çox ciddi komandadır, Bakı yüksək mədəniyyətə sahib inkişaf etmiş, gözəl şəhərdir. “Qarabağ”ın Avropa Liqasında keçirdiyi oyunlara baxdım. Mənə elə gəlir ki, komandam haqqında ümumi olaraq çox şey bilirəm. Əsas odur ki, yaxşı komandada oynayacağımı dərk edirəm. Sentyabrın 5-dən "Qarabağ"a qoşulacam”.

Beqoviç “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki şanslarını da dəyərləndirib: “Onların “Linfild”lə matçlarını izlədim. Çətin oyun olsa da, qrup mərhələsinə vəsiqə qazana  bildilər. Düşdükləri qrup elə də asan deyil. “Sevilya” haqqında danışmağa ehtiyac yoxdur, onların gücü hamıya bəllidir. APOEL Çempionlar Liqasının pley-offunda “Ayaks”a əziyyət verə bilmişdi. Və daha az təcrübəyə malik olan “Düdelanj”. Bununla belə düşünürəm ki, “Qarabağ” bütün rəqiblərinin öhdəsindən gələ bilər”.

Milli komandadakı durumu haqqında danışan Beqoviç “Qarabağ”da keçirəcəyi oyunların yığmadakı yerinə təsir edəcəyini diqqətə çatdırıb: “Mən həmişə milli komandaya kömək etməyə hazıram. Heç vaxt yığmadan əlimi üzmərəm. Əgər “Qarabağ”da müntəzəm olaraq meydana çıxsam və baxımlı oyun sərgiləsəm, ola bilsin ki, bu, yığmadakı mövqeyimə təsir etdi. Bu barədə milli komanda ilə söhbətimiz olmayıb. Bununla belə, mənə ehtiyac duyulduğu təqdirdə, onların yanında olmağa hazıram”.

Qeyd edək ki, “Qarabağ” Asmir Beqoviçi İngiltərə Premyer Liqa təmsilçisi olan “Bornmut”dan 4 aylıq icarəyə götürüb. (qol.az)