"Bəzi oyunçular var ki, onlardan narazıyam" - Samir Abbasov
“Qələbə qazanmaq istəyirdik. Təəssüf ki, alınmadı”.
SportLine.az "Report"a istinadən xəbər verir ki, bunu "Zirə"nin baş məşqçisi Samir Abasov evdə "Neftçi"yə 1:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının V tur matçından sonra mətbuat konfransında deyib.
Gənc mütəxəssis jurnalistlərin suallarını da cavablandırıb...
Komandanızın çıxışından razısınız?
- Komanda şəkilində irəliləyiş olduğunu hiss edirəm. Bəzi oyunçular var ki, onlardan narazıyam. Qələbə qazanmaq istəyirsənsə, ürəyini, ruhunu meydana qoymalısan. Bəzi futbolçular fikirləşir ki, baş məşqçi deyəcək, biz qalib gələcəyik. Ancaq bu, belə deyil. Ürəyimizi ortaya qoysaydıq, “Neftçi”ni məğlub edə bilərdik. Bugünkü nəticəyə görə təəssüflənirik, məğlub olmamalı idik”.
Ömər Paşayev daim sizi ehtiyat oyunçular skamyasından uzaqlaşdırır. Onunla nə probleminiz var?
- Paşayev may ayına qədər məzuniyyət götürsəydi, rahat olardım. Ola bilər ki, gözü zəifdir, ancaq bir tərəfi görür. Ehtiyat oyunçular skamyamız digər tərəfdə olsaydı, yəqin ki, belə olmayacaqdı.
Oyunlar vaxtı əsəbiliyiniz nə ilə əlaqədardır?
- Sakit ola bilmirəm. Bu, əsəb deyil. Mən həmişə belə olacağam. İstəyirəm ki, futbolçularım da mənim kimi olsunlar. Bəlkə də mən ehtiyat oyunçular skamyasında olsaydım, komanda məğlub olmayacaqdı.