"Bizi əks-hücumda yaxaladılar" - Roberto Bordin
Azərbaycan Premyer Liqasının VIII turu çərçivəsində “Qəbələ”yə səfərdə 1:3 hesabı ilə məğlub olan “Neftçi”nin baş məşqçisi Roberto Bordin mətbuat konfransı keçirib.
SportLine.az "Report"a istinadən xəbər verir ki, italiyalı mütəxəssis əvvəlcə oyun barədə fikirlərini bölüşüb:
- “Qəbələ”ni təbrik edirəm. Təəssüf ki, hesab açılmamışdan imkanları qaçırdıq. Acınacaqlıdır ki, rəqib bizi əks-hücumlarda yaxalamağı bacardı. Bu məğlubiyyətdən nəticə çıxarmadıq.
- Dario və Dabo meydanda görünmədilər. Bunun səbəbi nə ilə bağlıdır?
- İlk yarıda normal oynadılar. Sadəcə, Dario və Dabo yox, ümumiyyətlə, bütün komanda üzvləri üzərlərində çalışmalı və səyləri artırmalıdır.
- Fasilə zamanı niyə yoxlama oyunu keçirmədiniz ki , komanda tonusdan düşməsin?
- Kifayət qədər oyunçumuz milli komandaya dəvət almışdılar. Bu üzdən də yalnız mix-matç keçirdik.
- Nəticə və “Qəbələ”nin sərgilədiyi futbol sizin üçün sürpriz olmadı? Oyunçularınızda arxayınlıq hiss etmədiniz?
- Rəqib kompakt müdafiə olundu. Bizi əks-hücumda yaxaladılar. Bu cür oyun gözləyirdik.
- Rəşad Eyyubov komandanızın ən zəif bəndi idi. Onu əvəzləməkdə yubandınız. Bu fikirlə razısınız?
- Rəşadın zəif oynadığını hesab etmirəm. Bəlkə də oyun təcrübəsi az idi. Bununla yanaşı, Rəşaddan razı qaldım. Zəif cəhətlərimiz ondan ibarət oldu ki, hücumlar zamanı individual mübarizələrdən qalib ayrıla bilmirdik. Uduzmuşuqsa, komandamız uduzub.