"Bizim arxamızda çox yaxşı azarkeş ordusu var idi" - Əmrah Çəlikəl

"Nəticəni öz xeyrimizə dəyişmək üçün əlimizdən nə gəlirsə edəcəyimizi bilirdik. Çox şükür, bu gün oyunumuz da alındı. Hamınızı təbrik edirəm".

SportLine.az "Report"a istinadən xəbər verir ki, bunu "Qarabağ" klubunun direktoru Əmrah Çəlikəl Avropa Liqasının "play-off" mərhələsinin cavab matçında Moldova "Şerif"ini 3:0 hesabı ilə məğlub etdikləri oyundan sonra söyləyib.

O, daha sonra jurnalistlərin suallarını cavablandırıb:

"Qarabağ”ın məsələni belə tez həll edəcəyini gözləyirdinizmi?

- Əsas odur ki, "Qarabağ” məsələni həll elədi. Hər şey ürəyimizcə oldu. Biz buna görə çox şadıq.

Komandanın bu mövsüm qrup mərhələsindəki hədəfi nə olacaq?

- Biz hər zaman hansı turnirdə olsaq, ən üst nəticə hansıdırsa, onu qarşımıza hədəf qoyuruq. Bütün işlərimiz buna görə qurulur.

Komandanın vitse-prezidenti Tahir Gözəli bu gün görə bilmədik...

- Biz mütəmadi olaraq onunla danışdıq. Hətta canlı yayıma da bağlandıq.

Tahir bəy oyunu izləyə bilirdimi?

- Matça çox həyəcanla baxırdı. Hamıya da salamlarını göndərdi. Bir çox işləri ilə əlaqədar Avropadadır.

Qrup mərhələsində Belarusun BATE klubundan revanş almaq üçün onlarla yenidən qarşılaşmaq istərdinizmi?

- Qismətimizdə hansı komandalar varsa, onlarla oynayacağıq. BATE olmasın, başqa komanda olsun. Bizim hədəfimiz ən yuxarı nəticəni əldə etmək olacaq. Bizim arxamızda çox yaxşı azarkeş ordusu var idi. Bunun nəticəyə də böyük təsiri oldu. Mən bütün "Qarabağ” sevərlərə təşəkkür edirəm və hamısını təbrik edirəm.

Transfer pəncərəsinin bağlanmasına bir gün qalıb. Hücuma və digər mövqelərə transferlər olacaqmı?

- Transfer məsələlərində tam səlahiyyət Qurban Qurbanovdadır. Bu günə qədər onun istədiyi futbolçuları komandaya cəlb etmişik. Sabah kimi gözləyək, hər hansı bir dəyişiklik olsa, biləcəksiniz. Olsa, bunu böyük məmnuniyyətlə sizinlə bölüşəcəyik.

Sanki bugünkü qələbə daha şirin oldu...

- Mənim fikrimcə buna ehtiyacımız var idi. Sizin, bizim və hər kəsin buna ehtyacı var idi. Şükürlər olsun ki, bu sevinci yaşaya bildik. Hamını bir daha təbrik edirəm.