"Bizim namizəd siyahımız genişdir" - Elxan Məmmədov
AFFA-nın baş katibi Elxan Məmmədov milli komandanın baş məşqçisi vəzifəsinə namizədlə bağlı açıqlama verib.
SportLine.az-ın 1news.az saytına istinadən yaydığə xəbərə görə, o deyib ki, hazırda işləməyən məşqçilərlə bağlı təhlillər aparırlar.
“Biz indi siyahı hazırlayırıq. Bu günə qədər heç kimlə danışıqlar aparmamışıq və heç kimlə də görüşməmişik. Amma tam mümkündür ki, ilin sonunda bəzi namizədlərlə danışıqlar başlasın. Soruşa bilərsiniz ki, namizədlər siyahısında kim var. Namizədlər çoxdur. Ona görə də biz onların işinin təhlilini aparırıq, bundan sonra isə danışıqlar başlayacaq. Əgər məşqçilər özləri əleyhinə olmasa, onların adlarını açıqlayacağıq”.
Milliyə italiyalı məşqçinin təyin olunacağı ilə bağlı məlumatlara toxunan AFFA rəsmisi deyib: “Bizim namizəd siyahımız genişdir. Amma dediyim kimi, heç kimlə danışmamışıq. Bu, italiyalı məşqçilərə də aiddir. Bizim siyahıda italiyalı namizədlər də var, amma onlar çox deyillər. Elə ölkələr var ki, namizədləri daha çoxdur. Amma biz məşqçini milliyətinə görə axtarmırıq. Əsas onun işinin keyfiyyəti, təcrübəsi, təhsili və keçmişdəki nəticələridir. Çox vacibdir ki, məşqçi Azərbaycanda yaşamağa hazır olsun”.
Roberto di Matteo və Canni Byazi ilə bağlı suala cavabında E.Məmmədov deyib: “Biz de Byazi ilə son dəfə Prosineçkinin təyinatından əvvəl danışmışıq. Amma biz o vaxt xorvatı seçdik. O vaxtdan onunla danışığımız olmayıb. Roberto di Matteoya gəlincə, başa düşmürəm, onun namizədliyi hardan ortaya çıxıb. Biz onunla heç vaxt danışmamışıq. Nə üç il əvvəl, nə də indi. Mənim özüm üçün də təəccüblüdür ki, onun adı namizədlər sırasında niyə çəkilir”.