"Boka Xuniors" Argentina Super kubokunun qalibi oldu

Futbol üzrə Argentina Super kubokunun sahibi müəyyənləşib.

Sportline.az xəbər verir ki, sayca 7-ci dəfə keçirilən turnirin finalında ölkə çempionu “Boka Xuniors” Argentina kuibokunun sahibi “Rosario Sentral” komandası ilə qarşılaşıb. Buna kimi 3 dəfə finalda çıxış edən və hər 3 halda uduzan “Boka Xuniors”, nəhayət, azarkeşlərini sevindirib.

Mendoza şəhərində keçirilən qarşılaşmaya “Boka Xuniors” futbolçuları daha yaxşı başlayıblar. İlk dəqiqlərdən təşəbbüsü ələ alan paytaxt komandası rəqibi öz qapısına doğru sıxışdırıb. Amma futbolçuların qeyri-dəqiqliyi hesabın açılamasına mane olub. “Rosario Sentral” futbolçuları da bir neçə təhlükəli hücum təşkil etsələr də, “Boka Xuniors”un qapıçısı Estaban Andrada sayıqlığı itirməyib.

Fasilədən sonra da azarkeşlər eyni ssenari izləyiblər. Nəticədə görüşün əsas vaxtında hesab açılmayıb. Reqlamentə əsasən qalib penaltilər seriyasında müəyyənləşib. Burada hər iki komanda ilk 5 zərbəni dəqiq yerinə yetirib. 6-cı zərbə zamanı “Boka Xuniors”un qapıçısı Fabian Rinaudonun sevinməsinə imkan verməyib.

Karlos İskierdo isə bu fürsəti qaçırmayıb. Beləliklə, penaltilər seriyasında rəqbinə 6:5 hesabı ilə qalib gələn “Boka Xuniors” tarixində ilk dəfə Argentina Super kubokunun sahibi olub. Maraqlıdır ki, 7 ildir keçirilən yarışda hər dəfə yeni qalib müəyyənləşir. Buna kimi “Arsenal”, “Velez Sarsfild”, “Lanus”, “Urakan”, “San Lorenso” və “River Pleyt” anoloji mükafata yiyələnib.