Bordinin daha bir köməkçisi müəyyənləşdi

"Neftçi"nin yeni baş məşqçisi Roberto Bordinin daha bir köməkçisinin adına aydınlıq gəlib.

SportLine.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, ötən mövsümdə də bu vəzifəni yerinə yetirən İqor Getmanla müqavilə 1 il müddətinə artırılıb.

İqor Getman 1991-1992, 1998-2007-ci illər ərzində "Neftçi”də çıxış edib, 236 oyun keçirib, 7 qol vurub. "Neftçi”nin heyətində Azərbaycan çempionatının (1992, 2004, 2005), ölkə kubokunun (1999, 2004) qalibi olan Getman müstəqillik dönəmində "ağ-qaralar"da ən çox oyun keçirən futbolçudur. O, 1995-2001-ci illər ərzində Azərbaycan milli komandasının heyətində 24 oyunda meydana çıxıb.

Bunadək də əsas komandada məşqçi, əvəzedici heyətdə isə baş məşqçi vəzifələrində çalışan 47 yaşlı mütəxəssis UEFA-nın A kateqoriyalı məşqçisidir.

Qeyd edək ki, İqor Getmanla yanaşı, Füzuli Məmmədov, Etibar Tarıverdiyev (qapıçılar üzrə) və Andrea Vezzu (fiziki hazırlıq üzrə) da baş məşqçi Roberto Bordinə kömək edəcəklər.