"Bu barədə çox danışmaq lazım deyil" - Roberto Bordin
"Oyuna yaxşı hazırlaşmışdıq. Futbolçularımız qələbənin əhəmiyyətini dərk edirdi". SportLine.az Matc.az saytına istinadən xəbər verir ki, bu sözlər "Neftçi"nin baş məşqçisi Roberto Bordinə məxsusdu.
Topaz Premyer Liqasının XIX turunda "Sabah"ın qəbul edən "ağ-qaralar" qələbə qazanaraq, liderliyini davam etdirib.
Qarşılaşmadan sonra təşkil edilən mətbuat konfransında italiyalı mütəxəssisin qalibiyyət şərhi belə olub: "Bu gün qələbə qazandığımız üçün xoşbəxtik. Komandam yaxşı oyun nümayiş etdirdi. Qələbə qazanmağa layiq idik. Az şans əldə edən futbolçuların durumundan razı qaldım”.
- Ruslan Abışov zədədən yeni qayıdıb. Onun son durumu necədi?
- Ruslanın ciddi zədədən qayıtdığını unutmayaq. Onun qayıdışına sevinirəm. İndiki vaxtda oynamaq üçün hazır deyil. Komanda ilə birgə məşq etmədiyindən, kollektivdən geri qalır.
- Məhəmməd Mirzəbəyov oyunun sonlarına yaxın qırmızı vərəqə aldı. Həmin epizodla bağlı nə deyə bilərsiniz?
- Düşünürəm ki, həmin epizodda qayda pozuntusu yox idi. Azlıqda qaldıqdan sonra rəqib qapımız qarşısında təhlükəli vəziyyətlər yaratmağa başladı. Futbolçumu itirmək istəmirdim. Həmin epizoda təkrar baxacağıq.
- Qələbə qazansanız da, oyunçularınızın sarı vərəqələrinin sayı çox oldu...
- Sarı vərəqə hər iki komandaya göstərildi. Ona görə də bu barədə çox danışmaq lazım deyil.
- Çempionluq uğrunda əsas rəqibiniz “Qarabağ”la xal fərqiniz minimuma enib. Çətin olacağını düşünmürsünüz?
- Mən “Qarabağ”ı düşünmürəm. Xal itirsək bizə baha başa gələr. Artıq növbəti oyun barədə düşünməliyik. Çempionatın gedişində bizi nələrin gözlədiyini görəcəyik.
- Epizodların birində rəqibin hücumçusu Marko Deviçə irad bildirdiniz. Nə baş verirdi?
- Bizim aramızda böyük problem olmadı. Platellasın sarı vərəqə aldığı epizodu müzakirə edirdik. Mənim fikrimcə, Platellasın epizodu o qədər də təhlükəli deyildi.