"Bu cür oyunlarda rəqibə daha ciddi yanaşmalıyıq" - Vüqar Məmməd

"Qələbə münasibətilə komandamı təbrik edirəm". SportLine.az xəbər verir ki, bu sözləri 19 yaşadək futbolçulardan ibarət Azərbaycan seçməsinin baş məşqçisi Vüqar Məmməd deyib.

İspaniyada təşkil olunan təlim-məşq toplanışı çərçivəsində yerli "Ranero" komandası ilə görüşdən sonra AFFA-nın saytına açıqlama verən mütəxəssis yoxlama oyunlarının əhəmiyyətindən danışıb:

"Fürsətdən istifadə edib bütün futbolçulara şans verdik. Oyun ərzində bir çox taktiki gedişi sınaqdan keçirdik. Müəyyən epizodlarda istədiyimiz alınırdı, bəzi epizodlarda çatışmayan nüanslar gördük. Bu cür oyunlarda rəqibə daha ciddi yanaşmalıyıq. Çünki bizi qarşıdakı oyunlarda daha sürətli, taktiki baxımdan daha kombinasiyalı oyunlar gözləyir. İstər yoldaşlıq, istərsə də rəsmi oyunlar olsun, ciddiyəti əldən verməməliyik".

Qeyd edək ki, Azərbaycan U-19 və "Ranero" komandaları arasındakı görüş seçməmizin 6:1 hesablı qələbəsi ilə yekunlaşıb.