"Bu xəbəri iki ilə yaxın idi gözləyirdim" - Əliyar Ağayev

“Bu xəbəri artıq iki ilə yaxın idi gözləyirdim. Keçən il bunun reallaşacağına ümid edirdim. Çünki, qiymətlər yaxşı gəlmişdi. Ancaq UEFA Hakimlər Komitəsinin sədri dedi ki, bir il də baxaq, nəzərdən keçirək. Şükürlər olsun ki, 2-3-cü cəhddən də olsa, alındı”. Bu sözləri SportLine.az saytına açıqlamasında FİFA referisi Əliyar Ağayev deyib.

I kateqoriyaya yüksəlməsi ilə bağlı xəbərə münasibət bildirən azərbaycanlı hakim, “Artıq, həm milli, həm də klub yarışlarında daha yüksək səviyyəli oyunlara təyinat almaq imkanı qazanmışam. Daha yüksək səviyyəli millilərin oyunlarını, eləcə də, Avropa Liqasında daha vacib oyunları idarə edə bilərəm. Çempionlar Liqasının qrup mərhələsinin oyunlarına da təyinat almağım mümküdür. Doğrudur, bunun üçün illər tələb olunur. Amma ehtimal var”, - deyə bildirib.

“Təbii ki, bununla kifayətlənmək fikrim yoxdur”, - deyən Ə.Ağayev, “Bundan sonra bir kateqoriya qalır, o da elit kateqoriyası. Ancaq tələsmirəm. Hələ ki, I kateqoriyada möhkəmlənmək barədə düşünürəm. Daha sonra elit kateqoriya barədə fikirləşmək olar”, - deyə söyləyib.

Xatırladaq ki, Ə.Ağayev UEFA-nın 2018/2019-cu il mövsümünün birinci yarısı üçün açıqladığı hakimlərin siyahısında I kateqoriyada yer alıb. O, I kateqoriyaya yüksələn ilk azərbaycanlı hakim olub.