"Bunu tələskənliklə əlaqələndirərdim" - Nazim Süleymanov

"Çox gərgin oyun keçdi və bunun şahidi oldunuz. Futbolçularıma təşəkkür edirəm. Yaxşı oynadıq. Futbolun meyvəsi qoldursa, təkcə bu çatmırdı. Qol epizodları yaratdıq, bəzilərindən istifadə edə bilmədik. Qələbə qazanmaq hər zaman xoşdur”.

SportLine.az Sportnet.az saytına istinadən xəbər verir ki, bunu "Sumqayıt”ın baş məşqçisi Nazim Süleymanov "Zirə"yə 1:0 hesabı ilə qalib gəldikləri Topaz Premyer Liqasının VI tur matçından sonra mətbuat konfransında deyib. 53 yaşlı mütəxəssis jurnalistlərin suallarını da cavablandırıb...

- Özünüz də qol epizodlarından yararlana bilmədiyinizi qeyd etdiniz. Hücumçu axtarışını davam etdirirsiniz?

- Bu barədə düşünmürük. Əlimizin altında olan futbolçulardan istifadə etməyə və irəliyə getməyə çalışacağıq. 

- Son nöqtənin qoyula bilməməsinə səbəb nədir?

- Minimal hesabla irəlidə olmaq çox pisdir. Çünki rəqib hesabı bərabərləşdirə bilər. Bunu tələskənliklə əlaqələndirərdim. Futbolçularım meydanda özlərini daha rahat hiss etməlidirlər.

- Əfran İsmayılov 82-ci dəqiqədə əvəzlənməsini istədi. Gərgin oyunda təcrübəli futbolçunun əvəzlənməsini istəməsi doğru haldır?

- Burada amillər var. Məsələn, süni meydanlar futbolçuya pis təsir edir. Əfranı başa düşmək lazımdır. Bundan başqa, əlində zədə var idi. Ona görə də İsmayılovu əvəzləmək məcburiyyətində qaldıq.