"Çatışmazlıqlar var" - Qurban Qurbanov

Azərbaycan Premyer Liqasında XV turun “Qarabağ” – “Neftçi” (1:1) oyunundan sonra keçirilən mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb. O, əvvəlcə matç barədə fikirlərini bölüşüb.

- Maraqlı oyun alındı. Bu matçı əsl derbi adlandırardım. Hər iki komanda qalib gəlmək istəyirdi. Bugünkü oyunu daha da gözəlləşdirən isə azarkeşlər oldu. Həm “Neftçi”, həm də “Qarabağ” azarkeşləri yaxşı dəstəklərini nümayiş etdirdilər. Futbolçulara təşəkkür edirəm. Layiqli mübarizə apardılar. Qarşıdakı oyunlara hazırlaşmalıyıq.

- Komandanın hazır olmadığı göründü...

- Çatışmazlıqlar var. İlk oyun olmasına baxmayaraq, pis alınmadı. Düşünülmüş hücumlar qurduq. Bir neçə matça daha da hazır olacağıq.

- Fasilədən əvvəlki və sonrakı “Neftçi” arasında hansı fərqləri gördüz?

- Belə fikir demək üçün tezdi. Son oyunumuzda rəqib qələbə qazanmışdı. Bu gün hiss olunurdu ki, yaxşı hazırlaşıblar.

- Rəqib komandadakı həmkarınız Roberto Bordin nəticəni uğurlu hesab etdiyini bildirdi. Siz necə hesab edirsiz?

- Normaldı. 3 xal geridəyik. Qalib gəlsəydik, daha yaxşı olardı. Qarşıdakı matçlara ciddi hazırlaşmalıyıq. Rəqibin fikrini normal qəbul etmək lazımdı ki, 3 xallıq fərqi qoruya bildilər.

- Almeydanın oyunu sizi qane etdi?

- Bəli. Ümumiyyətlə, bütün futbolçularımdan razı qaldım.