"Çelsi" mövsümdə ilk qələbəsini qazandı

İngiltərə çempionatında 3-cü turun oyunları keçirilir. İlk 2 turda qələbə qazana bilməyən “Çelsi” bu dəfə "Norviç” komandasını məğlub edib.

Sportline.az xəbər verir ki, oyuna daha yaxşı başlayan “Çelsi” erkən qolla hesabı açıb. 3-cü dəqiqədə Temmi Abraham fərqlənib.

Çox keçmədən hesab bərabərləşib. Meydan sahiblərindən Todd Kantvell rəqib qapısına yol tapıb. 1-1.

Fasiləyədək daha 2 qol vurulub. 17-ci dəqiqədə Frenk Lempardın komandası yenidən önə keçib. Meyson Maunt fərqlənib. 2-1. Ruhdan düşməyən “Norviç” 30-cu dəqiqədə 2-ci qolu vurub. Bu dəfə Timu Pukki qonaqları cəzalandırıb. 2-2.

İkinci yarıda hər iki komandanın fərqlənmək üçün bir neçə imkanı olsa da, bundan yalnız “Çelsi” yararlanıb. 68-ci dəqiqədə Temmi Abraham özünün ikinci, komandasının 3-cü qolunu vurub. “Norviç” – “Çelsi”: 2-3.